“Yadımdadır, elə məqamlar var idi ki, bu komandada ab-havanın və təzyiq səviyyəsinin fərqli olduğunu tam şəkildə dərk etmişdim, – Sebastyan həmin günləri xatırlayaraq deyib. – Bu təzyiq və maksimum yüksək gözləntilər şəraitində uduzmaq qorxusu çox güclü hiss olunurdu: “Bazar ertəsi yarış uğursuz keçsə, nə baş verəcək?”
Bütün bunlar ümumi iş mühitinə təsir edib və mən tez-tez buna qarşı çıxmağa çalışmışam. Hətta vəziyyət gərginləşəndə də bunu hansısa yolla dəyişməyə çalışmaq lazım idi ki, məsuliyyət yükü motivasiya mənbəyinə çevrilsin. Mən hamını buna inandırmağa çalışmışam, çünki biz çempionatda işi ilə bütün ölkənin həqiqətən maraqlandığı yeganə komanda idik. Geriyə baxanda etiraf etməyə hazıram ki, buna nail ola bilməmişəm.
Komandadakı iclaslarda deyirdim: “Bizim etdiyimiz hər şeyə, sizin gördüyünüz işə böyük hörmətlə yanaşıram, amma gəldiyim komandada burada açıq-aşkar çatışmayan daha bir mühüm amil var idi: biz işdən zövq alırdıq”.
Red Bull Racing-dəki ab-havanın bəzi elementlərini Sebastyan Ferrari qarajına da gətirməyə çalışıb. Xüsusən də onun sayəsində Skuderiyanın bokslarda musiqi səslənməyə başlayıb: “Komanda üçün akustik sistem almışdım, onu quraşdırmışdım və yüksək səslə musiqi qoşmağa başlamışdım – bunlar italyan hitləri idi.
Mexaniklərin, əlbəttə, xoşuna gəlib, amma komanda rəhbərliyi bunu hər zaman müsbət qarşılamayıb, çünki Ferrari-də belə şeylər qəbul olunmurdu”.
Fettelin sözlərinə görə, bu təzyiq və hər şeyə həddindən artıq ciddi yanaşma onun karyerasının İtaliya komandası ilə bağlı dövrünə təsir edib: o, həmin vaxt 2017 və 2018-ci illərdə iki dəfə dünya çempionatını ikinci yerdə başa vurub, titul isə Lyuisə Həmiltona qismət olub.
İndi Ferrari-də çıxış edən Lyuisdən keçmiş rəqibinin bu xatirələrini şərh etməsi istəniləndə, yeddiqat dünya çempionu belə deyib:
“Ümumilikdə, qonşularımızdan fərqli olaraq, bizim qarajda hər hansı çılğın musiqinin gur səsləndiyi dinamiklər yoxdur. Amma komandada enerji ilə dolu yaxşı ab-hava var. Burada olmaq bizim xoşumuza gəlir. Əlbəttə, indi işlərimiz keçən illə müqayisədə xeyli yaxşı gedir. Bir il əvvəl bu, heç kimə zövq vermirdi. Amma biz uzun yol keçmişik.
Müqayisə etdiyim digər komandalarla yanaşı, Skuderiyada da eyni enerji hiss olunur, burada hamı diqqətini cəmləyərək çalışır, hamı qalib gəlmək istəyir. Konsentrasiya və ehtiras ən yüksək səviyyədədir. Hazırda Mühəndislər Kubokuda 2-ci yer uğrunda mübarizə aparırıq. Son üç yarışın hər birində podiuma qalxmışıq, amma bu, hələ yalnız başlanğıcdır. Biz çox şeyə nail olmaq niyyətindəyik”.





