Sayns komanda yoldaşını müdafiə edib və Alonsonun tənqidinə cavab verib

Mexiko Qran Prisi ərəfəsində Formula1 paddokunda Ostindəki yarışdan sonra Fernando Alonsonun səsləndirdiyi fikirlərlə bağlı kiçik qalmaqal yaşanıb.

Həmin vaxt Aston Martin sürücüsü ilk dövrədə Aleks Əlbon ilə təmasdan narazı qaldığını bildirib və “pelotonun son üçdəbirində sürücülərin səviyyəsi çox aşağıdır” deyib. O, cümə axşamı Mexikoda da həmin manevrə görə Aleksi açıq şəkildə tənqid edib. Karlos Sayns isə Williams üzrə komanda yoldaşını müdafiə edib və Fernando Alonsonun tənqidinə cavab verib.

“Bu, Aleksə qarşı kifayət qədər sərt açıqlama idi, – deyə Karlos Sayns bildirib. – Düşünürəm ki, Fernando ilk növbədə məhz onu nəzərdə tuturdu.

Mən Aleksi çox yüksək qiymətləndirirəm. trasda onunla mübarizə aparmaq xoşuma gəlir və aramızda heç vaxt heç bir münaqişə və ya bir-birimizə qarşı hörmətsizlik olmayıb. Fernandoyla rəqabət aparmaq da mənə xoş gəlir.

Bu ilə qədər mən heç vaxt pelotonun son üçdəbirində çıxış etməmişdim, çünki karyeram boyu xal uğrunda mübarizə aparmağa imkan verən maşınım olub. Toro Rosso-da, Renault-da və McLaren-də də belə olub – biz həmişə ilk onluqda mübarizə aparmışıq. Karyeramda ilk dəfədir ki, pelotonun sonunda mübarizə aparmalı oluram.

Mən artıq 12 ildir ki, Formula 1-də çıxış edirəm və sürücülərin səviyyəsindən danışsaq, mənim fikrimcə, indi bu səviyyə həmin dövr ərzində olduğundan daha yüksəkdir. Formula 1 səviyyəsinə uyğun gəlməyən bir nəfər də sürücünün adını çəkə bilmərəm. Son bir neçə ildə çempionata gələn bütün debütantlar çox güclüdür.

Əlbəttə, bəziləri səhv edir, necə ki, mən özüm də cavan olanda səhvlər etmişdim, elə indi də səhv etməyə davam edirəm. Bu il mənim səhvlərimi siz də görmüsünüz. Pelotonun sonunda həqiqətən daha çox insident baş verir, amma inanmaq istəyirəm ki, bunun səbəbi sürücülərin səviyyəsi yox, konkret şəraitdir”.

, ,