Serxio Peres: Qarşıda bizi üç il gözləyir

Cümə axşamı Mexikoda Serxio Peres Cadillac ilə müqavilənin uzadılmasından və qarşıdan gələn Qran Pridən - karyerasındakı 300-cü yarışdan danışıb…

Serxio Peres: “Bu komandada, bu layihədə işləmək mənim çox xoşuma gəlir. Sıfırdan başlamaq qarşımdakı ciddi çağırışdır və bunun öhdəsindən gəlməliyəm. Mən əvvəllər heç vaxt belə bir işin parçası olmamışam. Adətən komandaya gələndə hər şey artıq qurulmuş olur, sürücü işin təşkilinə elə də ciddi təsir göstərə bilmir. Burada isə mən sadəcə yarışmaqdan daha artığını edə bilirəm və GM ilə TWG tərəfindən tam dəstək hiss edirəm. Həqiqətən də düşünürəm ki, mənim yerim məhz buradır!

Karyeramı məhz Cadillac-da başa vurmaq istərdim. Bilirəm ki, bu, karyeramın son mərhələsidir və komanda ilə birlikdə əlimdən gələni etmək istəyirəm. Pərdəarxasında nə qədər zəhmət çəkilib… Cadillac sadəcə iştirak naminə yarışan komanda deyil, bu, çox böyük brenddir. İnvestisiya səviyyəsi və inkişaf hədəfi çox, çox yüksəkdir.

Formula 1-də əsas olan nəticələrdir. Qarşıda hara gəlib çıxacağımızı anlamaq üçün üç ilimiz var. Hazırda sonuncu yerdəyik, ona görə də baxarıq… Qələbələrdən, podiumlardan və ya buna bənzər başqa şeylərdən danışmaq istəmirəm. Amma çox istərdim ki, biz top-komandalardan birinə çevrilək, onda xoşbəxt olaram. Qarşıdakı vəzifə iddialıdır, amma görək bundan sonra nə olacaq.

Üç yüzüncü Qran Pri – bununla qürur duymaq olar! Onu burada, meksikalı azarkeşlərin gözü önündə qeyd etmək karyeramda unikal hadisədir.

Bu qədər yarış keçirib üç yüzüncü Qran Pri-imə çatmaq inanılmazdır, xüsusən də onu Meksikada keçirmək. Bir neçə buraxılmış il, bir neçə buraxılmış yarış oldu, ləğv edilmiş yarışlar da var idi, amma sonda hər şey üst-üstə düşdü. Və bu həftəsonu mən bu hadisəni bütün ölkəmin gözü önündə qeyd edə biləcəyəm…

Məndə, şübhəsiz ki, dünyanın ən yaxşı azarkeşləri var. Bazar gününü səbirsizliklə gözləyirəm, sürücülərin paradını gözləyirəm – bu, mənim üçün xüsusi bir şey olacaq”.