Maliyyə problemləri: minus iki?

Formula1 üzrə 61-ci dünya çempionatının startına bir ay qalmış hələ də Bəhreyn Qran Prisinin startına çıxacaq komandaalrın sayı naməlumdur. Çempionatın […]

Formula1 üzrə 61-ci dünya çempionatının startına bir ay qalmış hələ də Bəhreyn Qran Prisinin startına çıxacaq komandaalrın sayı naməlumdur. Çempionatın iki yeni komandasının – US F1 və Campos-un maliyyə problemləri barədə şayiələr, deyəsən, təsdiq olunmaqdadır. TomorrowNewsF1-in məlumatına görə, hər iki komanda bu həftə böyük məbləğdə vəsait köçürməlidir, amma…

Amerikalılardan Cosworth şirkəti pul gözləyir – keçən ilin mayında müqavilə imzalayarkən komanda 1.3 milyon Avronu avans kimi ödəcəyini boynuna götürüb, amma səkkiz ay keçməsinə baxmayaraq, nəinki avans ödənilməyib, indi komandanın şirkətə ümumi borcu 2.5 milyon Avroya çatıb. Cosworth daha gözləyə bilmir…

Amma US F1-in heç olmasa bu ayın sonuna qədər vəziyyəti düzəltmək imkanı var, Adrian Kamposun isə imkanı saatlarla ölçülür. Onun Campos komandası keçən il Dallara şirkəti ilə şassi hazırlanması üzrə müqavilə bağlayıb – iki ildə görüləcək işlərin dəyəri 14 milyon Avroya qiymətləndirilib. Şirkət isə yalnız keçən ilin dekabrında illik ödəmənin üçdə biri həcmində vəsait alıb.

İndi Campos qarşısında ultimatum qoyulub – fevralın 10-a qədər ən azı 4 milyon Avro ödənməlidir, əks halda bütün işlər dondurulacaq, hazırlanmış şassi isə Dallara-nın zavodunda qalacaq və komandanın Valensiyadakı bazasına yollanmayacaq.

Deyəsən, Berni Ekklstoun haqlı imiş – o, məhz Campos və US F1 komandalarına əvvəldən inanmırdı. Həm də istisna deyil ki, Stefan GP əbəs yerə Bəhreynə öz əmlakını yollamayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*