İstəsəniz, Madrid həftəsonunun nəticələrini bir növ tale işarəsi kimi qəbul etmək olar. Kimi Antonelli yenə qələbə qazanıb, amma bu dəfə bizim Harri Potterə heç bir sehr lazım olmayıb.
Əslində, mən səmimi şəkildə hesab edirəm ki, ona Uğur Tanrısı kömək edib, çünki stüardlar virtual təhlükəsizlik avtomobili rejimini elan etməsəydilər, çox güman ki, yarışı Lando Norris qazanardı və o buna layiq idi. Mən hakim qərarlarının qeyri-adekvatlığı barədə həddən artıq çox danışmışam, ona görə də bu mövzuya qayıtmayacağam.
Amma Antonelliyə qayıdaq. Hətta belə qələbədə də gələcək çempionun potensialı hiss olunub… Qısa desək və heç nəyi şişirtməsək, Madriddəki mərhələdən sonra Kimi artıq, şübhəsiz ki, layiq olduğu çempionluq tituluna xeyli yaxınlaşıb.
Unutmaq olmaz ki, Bolonyadan olan xaç oğlumun cəmi 20 yaşı var və buna baxmayaraq, o, heyrətamiz yetkinlik nümayiş etdirib. Antonelli şəraitin onun xeyrinə formalaşdığını anlayanda, vaxtilə Niki Lauda və ya Alen Prost kimi pilotaj edib.
Onu döyüş ruhu və tamaşa sevgisinin fərqləndirdiyini bildiyim üçün əmin deyiləm ki, hər şey çox asan başa gələndə Kimi bundan zövq alır, amma Madrinqdəki yarış onun şəraitə uyğunlaşmağı bacardığını göstərib.
Çempionatın sonu artıq uzaqda deyil. Yəqin ki, hesablamalar aparmaq üçün hələ tezdir, amma Corc Rassell parlaq çıxış etmədiyi üçün Antonelli özünü təhlükəsizlikdə hiss edə bilər.
Amma Madridəki tras özü-özlüyündə tam uğursuz alındı. Layihə kifayət qədər böyükmiqyaslı olsa da, mən onu bir növ “Potyomkin kəndi” adlandırardım. Çox sayda qırmızı bayraqla bağlı proqnozlar şişirdilmiş çıxdı, amma avtoidmanla doğrudan da maraqlananların diqqətini başqa məqama yönəltmək istəyirəm.
Bu, Ferrari sürücülərinin podiuma yüksələ bilmədiyi daha bir Qran Pri oldu. Açığını desəm, həftəsonu yenə məyusedici sonluqla başa çatdı. Həmiltonundakı problem bəhanə sayıla bilməz, çünki texnika sıradan çıxırsa, deməli, nəsə qaydasında getmir.
Amma mənə Şarl Leklerin çətin şəraitdə necə hərəkət etməsi xoş gəldi, o cümlədən Monzada baş vermiş bütün xoşagəlməz hadisələrdən sonra psixoloji dözümlülük nümayiş etdirdi.
Ümumilikdə, nəticələr baxımından heç nə dəyişmədi, Skuderiya yenə eyni səviyyədə qaldı. Ferrari-də hansısa istefaların olacağı ilə bağlı narahatlıq var, hərçənd bunun sürücülərə aidiyyəti yoxdur. Macarıstan, Niderland, İtaliya və İspaniya mərhələlərində əldə olunan nəticələr olduqca təvazökar alınıb. Biz sıçrayış gözləyirdik, amma bunun əvəzinə yerinə yetirilməyən sonsuz vədlər eşitmişik. Bu, nə vaxta qədər davam edə bilər?..





