Buna həsr olunmuş press-relizdə ayrıca vurğulanıb ki, “mövsümün Qətərdə və Əbu Dabidə keçiriləcək son iki mərhələsi yenidən ənənəvi formatda baş tutacaq: yeganə sərbəst yürüşdən sonra bir sıralanma turu keçiriləcək, daha sonra sprint və əsas yarış olacaq”.
Bununla belə, Bakıda həftəsonunun cədvəli həqiqətən qeyri-adi görünür və Formula2-nin icraçı direktoru Bruno Mişel bununla bağlı danışıb: “Azərbaycan Qran Prisi günlərində dəstək yarışlarını yalnız Formula2 keçirdiyi üçün promouterlərlə birlikdə həftəsonu proqramını genişləndirmək qərarına gəldik: o, bir sərbəst yürüş, iki sıralanma turu, bir sprint və iki əsas yarışdan ibarət olacaq.
Bu, əlavə sessiyalar keçirməyə imkan verən yeganə həftəsonudur, bunun sayəsində tamaşa səviyyəsi daha da yüksək olacaq və azarkeşlər bunu dəyərləndirəcəklər. Bakı Şəhər Halqasında yarışlar həmişə inanılmaz dərəcədə maraqlı keçir, buna görə də mövsümümüzün 12-ci mərhələsini həqiqətən unikal hadisəyə çevirməkdən məmnunuq”.
Beləliklə, Azərbaycanın paytaxtında həftəsonunun cədvəli belə görünür:
– cümə axşamı səhər 45 dəqiqəlik bir sərbəst yürüş keçiriləcək;
– cümə axşamı günortadan sonra ardıcıl olaraq iki 20 dəqiqəlik sıralanma turu keçiriləcək;
– cümə günü səhər sprint start alacaq, günortadan sonra isə start düzümünü ilk sıralanma turu müəyyən edəcəyi birinci əsas yarış keçiriləcək;
– şənbə günü səhər start düzümü ikinci sıralanma turunun nəticələrinə əsasən formalaşacaq ikinci əsas yarış keçiriləcək.
Hər sıralanma turunda poul uğrunda iki bonus xal veriləcək, hər iki əsas yarışda ən sürətli dövrənin müəllifləri isə ilk onluqda finiş görəcəkləri təqdirdə bir əlavə xal qazanacaqlar.





