Lando Norris: Bəxt bizim tərəfdə olmadı

Lando Norris İspaniya Qran Prisi yarışına pouldan start alıb və nəzərə alsaq ki, Madriddəki yeni trasda ötmə etmək çox çətindir, bu ona qələbə üçün ən yaxşı şansları verib. Lakin McLaren komandası bu imkanı əldən verib: birincisi, Virtual Təhlükəsizlik Maşını (VSC) rejimi onun üçün əlverişsiz anda tətbiq olunanda qüvvədə olan dünya çempionunun bəxti gətirməyib, ikincisi isə, onun yeganə pit-stopu zamanı ləngimə yaşanıb və nəticədə bir neçə qiymətli saniyə itirib.

Lando finişdən sonra yarışın nəticələrini şərh edərkən onun çox məyus olduğu aydın görünüb.

Lando Norris: “VSC rejimi mən pit-leynə giriş yerini keçəndən sonra tətbiq olundu və artıq heç nə edə bilməzdim. Bunu komanda ilə hələ müzakirə etməliyəm. Ona görə də Kimini və Maksı təbrik edirəm, onlar bugünkü yarışı yaxşı keçirdilər. Sadəcə, bəxt bizim tərəfdə olmadı.

Sonra pit-stopda da şanssızlıq yaşadıq, pit-leyndə 20 saniyə itirdim və bu, nə məndən, nə də komandadan asılı idi. Ümumiyyətlə, qələbə ən yaxşı çıxış edən sürücüyə qismət olur, bəlkə də trasda təhlükəsizlik avtomobilinin görünəcəyini gözləyərək riskə getməyə qərar verənə, çünki bu da vacib amillərdən biridir.

Ümumilikdə, hər şey bir qədər ədalətsiz alındı, amma əvvəllər dəfələrlə buna bənzər vəziyyətlərdə olmuşam. Bu trasda ötmə çox çətindir, ona görə bir daha deyirəm: çətin yarış idi və biz sadəcə qələbəni əldən verdik. Hiss edirdim ki, bu gün buna layiq idik, amma avtoidman belədir. Ona görə də ürəyimiz ağrısa da, bu nəticəni qəbul edirik və növbəti dəfə qalib gəlməyə çalışacağıq.

Biz səylə işləməyə davam etməliyik, çünki rəqiblər əla işləyirlər və liderlər qrupunda çox kəskin mübarizə gedir, amma hücumu davam etdirmək lazımdır. Qarşıda qələbələr uğrunda mübarizə aparmaq üçün hələ imkanlarımız olacaq, baxmayaraq ki, düzü, bunun artıq Bakıda baş verəcəyini düşünmürəm. Orada bütün döngəlar yavaşdır, ümumiyyətlə sürətli döngəlar yoxdur, buna görə də başqalarını qabaqlaya biləcəyimiz hissələr olmayacaq.

Burada bu, alınırdı, Madrid trasında sıralanma turunda daha sürətli idik, bu, xoş sürpriz oldu və özümüzə inam verdi…”