Lekler: Lyuislə mübarizəmiz barədə həddən artıq çox danışırlar

FİA-nın Bakıda yarış həftəsonu başlamazdan əvvəl təşkil etdiyi mətbuat konfransında Şarl Leklerdən yenidən Monzada yarışın startında Lyuis Həmiltonla mübarizəsi barədə soruşublar. Monakolu sürücü hesab edir ki, bu mövzuya həddindən artıq diqqət ayrılır və Ferrari rəhbərliyinin trasdakı mübarizə qaydalarını ayrıca sənədlə müəyyənləşdirməsinə ehtiyac yoxdur.

Şarl Lekler: “Mən artıq dəfələrlə demişəm ki, belə insidentlərin təkrarlanmasını istəmirəm. Mən bunların hamısını artıq izah etmişəm və düşünürəm ki, indi kifayət qədər aydındır: bu cür məqamları ayrıca yazmağa ehtiyac yoxdur.

Yenə də mənə elə gəlir ki, söhbət qırmızı maşınlardan gedəndə buna həddindən artıq diqqət ayrılır və hər şey çox xırdalığına qədər təhlil olunur. Bu isə tam ədalətli deyil.

Monzada dörd aparıcı komandaya baxsaq, onların üçündə oxşar insidentlər yaşanıb və bundan sonra maşınlardan biri otluğa çıxıb. Amma nəticədə indi hamı yalnız qırmızı maşınlardan danışmağa davam edir və bu, yanlışdır.

Əlbəttə, elə məqamlar olur ki, mən həddi aşmışam, eyni şey Lyuisin da başına gəlib. Amma əsas məsələ yenə də baş verənləri müzakirə etməkdir.

Mən 2019-cu ildən Ferrari-də çıxış edirəm və bilirəm ki, etdiyimiz hər şey mikroskop altında araşdırılır, ən xırda detallarına qədər müzakirə olunur. Və çox vaxt belə toqquşmalardan sonra çıxarılan nəticələr səhv olur.

Mənimlə Lyuisin bir-birimizlə danışmağımız hər şeyi aydınlaşdırmaq üçün kifayətdir, çünki biz hər ikimiz bütün həyatımız boyu avtoidmanla məşğul olmuşuq. Hər ikimiz qalib gəlmək istəyirik, aramızda rəqabət var, amma eyni zamanda komanda kimi qalib gəlmək və Ferrari-ni uğura aparmaq istəyirik. Əsas olan budur.

Mənə Lyuislə mübarizə aparmaq xoşdur, çünki Formula1-in marağı məhz bundadır – ən yaxşılarla mübarizə aparmaqda. Lyuis, şübhəsiz ki, onlardan biridir. Mənim üçün bu, böyük çağırışdır və bundan zövq alıram”.