İtaliya-2022: Sıralanma turu

Monstada ötmələr etmək asan deyil, lakin burada poul mövqeyi Niderland və Sinqapurdakı qədər əhəmiyyət daşımır. Buna görə də 9 sürücü motora görə yeritirmə cəzasını məhz bu trasa salıb.

F-1.az xatırladır ki, dünənki sərbəst yürüşlərdə əvvəlcə Şarl Lekler, sonra isə Karlos Sayns hamını üstələyib. Bu gün isə Maks Ferstappen ən yaxşı nəticəni göstərib.

Williams-da appendisitdən əziyyət çəkən Aleksander Elbonu əvəz edən Nik de Vriz F1-də debüt etmək imkanı qazanıb.

Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 tərkiblərini müvafiq olaraq, Hard, Medium və Soft obrazında gətirib.

İlk sessiyada sürücülərin çoxuna tıxac mane olub. Bəziləri dərhal sürətli dövrəyə yollanıb, qalanları isə bunun üçün bir neçə yavaş dövrə vuraraq təkərləri ideal vəziyyətə gətirməyi seçib. İlk cəhddə Lekler yaxşı nəticə əldə etsə də, Ferstappen ikinci cəhdlərdə daha sürətli olub. Ferrari sürücüləri təkərə qənaət üçün ikinci cəhdə çıxmayıblar. Maksın nəticəsi ən yaxşı olaraq qalıb. De Vriz ilk sıralanma turunda növbəti sessiyaya keçməyi bacarıb. Şumaxer, Maqnussen, Stroll, Fettel və Latifi sıralanma turu ilə vidalaşan ilk sürücülər olublar.

İkinci Sessiyada Sayns birinci olub, Lekler ilk sürətli dövrəsini yarımçıq saxlasa da, daha sonra yenidən cəhd edib və komanda yoldaşına cüzi uduzub. Tsunoda onsuz da cəriməyə görə startda yer itirəcəyi üçün trasa çıxmayıb. Komanda Qaslini Norrisin önündə təhlükəli şəkildə boksdan buraxıb. Ferrari və Red Bull sürücüləri ikinci cəhdlərindən imtina ediblər. Tsunoda, Çjou, de Vriz, Bottas və Okon ilk onluğa düşə bilməyiblər.

Son sessiyada Sayns ilk cəhdində 1:20.584 ilə liderliyi ələ alıb – Lekler ona hava kisəsi verib, sonra isə rollarını dəyişiblər. Alonso pitə qayıdıb və nəticə göstərməyib. İkinci cəhdlərdə Lekler ən yaxşı nəticəni göstərib, Ferstappen isə iki Ferrari sürücüsünün arasına girə bilib. Alonso və Qaslinin nəticələri trasdan tam çıxdıqları üçün ləğv edilib.

Beləliklə, Şarl Lekler mövsümdə 8-ci, karyerasında isə 17-ci poulunu qazanıb. O sabahkı startda ilk cərgəni Corc Rassell ilə bölüşəcək. İkinci cərgədə McLaren sürücüləri, üçüncü cərgədə isə Qasli və Alonso qərarlaşacaqlar. Çempionatın lideri Maks Ferstappen 4-cü cərgəni debütant həmyerlisi ilə paylaşacaq.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 16 Şarl Lekler Ferrari 2 1:21.280 3 2 1:21.208 4 1:20.161 7
2 1 Maks Ferstappen Red Bull 1 1:20.922 6 3 1:21.265 3 1:20.306 7
3 55 Karlos Sayns Ferrari 3 1:21.348 3 1 1:20.878 3 1:20.429 7
4 11 Serxio Peres Red Bull 4 1:21.495 6 4 1:21.358 3 1:21.206 6
5 44 Lyuis Həmilton Mercedes 9 1:22.048 6 5 1:21.708 5 1:21.524 6
6 63 Corc Rassell Mercedes 5 1:21.785 6 6 1:21.747 6 1:21.542 5
7 4 Lando Norris McLaren 11 1:22.130 7 7 1:21.831 6 1:21.584 6
8 3 Daniel Rikkardo McLaren 12 1:22.139 8 8 1:21.855 6 1:21.925 6
9 10 Pyer Qasli AlphaTauri 7 1:22.010 6 10 1:22.062 6 1:22.648 6
10 14 Fernando Alonso Alpine 10 1:22.089 6 9 1:21.861 6 5
11 31 Esteban Okon Alpine 13 1:22.166 6 11 1:22.130 6
12 77 Valtteri Bottas Alfa Romeo 15 1:22.254 6 12 1:22.235 6
13 34 Nik de Vriz Williams 14 1:22.176 8 13 1:22.471 5
14 24 Quanyu Çjou Alfa Romeo 6 1:22.003 6 14 1:22.577 6
15 22 Yuki Tsunoda AlphaTauri 8 1:22.020 6 15 0
16 6 Nikolas Latifi Williams 16 1:22.587 7
17 5 Sebastyan Fettel Aston Martin 17 1:22.636 7
18 18 Ləns Stroll Aston Martin 18 1:22.748 9
19 20 Kevin Maqnussen Haas 19 1:22.908 10
20 47 Mik Şumaxer Haas 20 1:23.005 9

 

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*