Kristian Horner: “Karyeranı bu cür başa vurmaq ağır və kədərli idi. Amma Red Bull-da korporativ layihələrə və avtoidmana yatırımlara cavabdeh olan Oliver Mintslaffla kifayət qədər yaxşı münasibətlərim formalaşıb. Bir neçə gün əvvəl o, mənə zəng edib onların ilk güc qurğusunun yaradılması üçün etdiyim hər şeyə görə təşəkkürünü bildirdi.
Komandaya dəvət olunanda xatırlayıram ki, Formula1-in nə qədər amansız olduğunu düşünürdüm. Maşından komandanı tərk edən Toni Parnell və Devid Pitçforta baxırdım – onlar tutqun sifətlərlə, şəxsi əşyaları ilə doldurulmuş karton qutularla çıxırdılar… Məni kabinetimə aparanda oranı cinayət yeri kimi gördüm. Stolun üstündə yarımçıq qalmış bir fincan qəhvə vardı. Divarın o tayından Toninin köməkçisinin necə hönkür-hönkür ağladığını eşidirdim.
Sonda bu hekayə mənimlə də təkrarlandı. Bütün komandalar belə davranmır. Bu illər ərzində çox komanda ümidləri doğrultmayıb, amma mənimlə rəftar etdikləri qədər qəddarlıq görməmişəm. Mənə işdən çıxarıldığımı deməzdən əvvəl biz əvvəlki yarışda poul qazanmışdıq.
Mən işə başlayanda əməkdaşların sayı 400 nəfərdən az idi. Ayrılanda isə bu rəqəm 2200-ə çatmışdı. Mən bu işə bütün ruhumu qoymuşdum, insanları başqa komandalardan Red Bull-a keçməyə inandırırdım. Məndə heç vaxt kadr axını olmayıb – əməkdaşlar uzun illər ərzində çox sadiq idilər. Öz mühərriklərimizin hazırlanması və istehsalına 2021-ci ildə start vermişdik və onların boliddə işlədiyini görmədiyim üçün çox təəssüflənirəm.
Ditrix Mateşiçin vəfatından sonra rəhbərlikdə vəziyyət dəyişib. Görünür, onlar hesab ediblər ki, mənim əlimdə həddən artıq çox səlahiyyət, həddən artıq çox nəzarət cəmlənib. Amma səbəbi mənə heç vaxt izah etmədilər”.





