Cümə axşamı Honda Racing-in baş mühəndisi və yarış briqadasının rəhbəri Şintaro Orihara Zandfortda yeniliklə bağlı əlavə məlumat verib və gözləntiləri həddindən artıq şişirtməməyə çağırıb.
Şintaro Orihara: “Bu yeniliyin geriliyi dəqiq nə qədər azaldacağını deyə bilmərəm. Formula1-də realist olmaq lazımdır, çünki hansısa sehrli yeniliyi sadəcə gətirib hər şeyi dəyişmək mümkün deyil.
Hesab edirik ki, bu yenilik bizə irəliyə doğru yaxşı bir addım atmağa imkan verəcək. Əlbəttə, ön sıralarda mübarizə aparan rəqiblərlə müqayisədə geriliyimiz hələ də qalır, amma Macarıstanın Qran Prisi ərəfəsində Aston Martin maşında böyük yeniliklər təqdim etmişdi.
Formula1-də mövqeni yaxşılaşdırmaqdan söhbət gedəndə hər 50 və ya 100 millisaniyə önəm daşıyır. Düşünürəm ki, yeniliyimiz dövrə vaxtını təxminən bu qədər azaltmağa imkan verəcək.
Yay fasiləsinin əvvəlində Macarıstanda keçirilən çəkiliş günündə ilk dəfə güc qurğusunun yeni versiyasını maşına quraşdırdıq. Bu, mühərrikin yeni spesifikasiyasının şassi ilə birlikdə işlədiyi ilk hal idi və güc qurğusunun gözlədiyimiz kimi işlədiyinə əmin olduq. Bu, müsbət məqamdır.
Maşının idarəolunması baxımından maraqlı məlumatlar əldə etdik. Daha sonra bu məlumatları stendə qaytardıq və Niderland mərhələsindən əvvəl sazlamaları optimallaşdırdıq. Bu bizim üçün irəliyə doğru yaxşı addım oldu. Daha bir müsbət məqam isə odur ki, planlaşdırdığımız proqramı heç bir problem olmadan tam şəkildə yerinə yetirdik.
Mühərrikin gücü bizim zəif tərəfimizdir, buna görə də bu dəfə məhz səmərəliliyin artırılmasına fokuslandıq. İlk növbədə əlavə güc əldə etmək üçün yanma prosesinin xüsusiyyətləri və sürtünmənin azaldılması üzərində işlədik.
Proqram təminatında və ya ERS sistemində heç nə dəyişməmişik. Amma mühərrikin səmərəliliyinin artırılması güc veriminə kömək etməlidir. Yeni mühərrik versiyası ilə sistemin necə işləyəcəyini görəcəyik.
Bu, bu mövsüm üçün hazırladığımız yeganə böyük güc qurğusu yeniliyidir, amma yaxşı bir həll tapsaq və kiçik təkmilləşdirmə hesabına göstəriciləri yaxşılaşdıra bilsək, belə variant hələ də mümkündür. Bununla belə, növbəti böyük yenilik artıq 2027-ci ildə olacaq”.





