FİA “makarena”nı qadağan etmədi

Biz yazmışdıq ki, FİA Red Bull Racing və Ferrari-dən Maksın maşınında arxa antiqanadın fırlanan elementinin iki dəfə sıradan çıxmasından sonra əlavə məlumat istəyib. Federasiyanın texniki xidmətləri lazımi araşdırmaları aparıb və bu maraqlı həlli qadağan etməmək qərarına gəlib.

FİA-nın biryerlik yarış avtomobilləri üzrə yarış direktoru Nikolas Tombasis komandalara bildirib ki, “makarena” fırlanmağa davam edə bilər.

Nikolas Tombasis: “Bu konstruksiya ilk dəfə ortaya çıxanda biz onun müxtəlif göstəricilər üzrə təhlükəsiz olduğuna əmin olmaq istədik. Bir çox mürəkkəb sistemlər üçün mühəndis qrupları FMEA adlanan təhlil aparırlar – yəni nasazlıq növləri və onların nəticələrinin təhlili.

İlk növbədə, hidravlik sistem sıradan çıxanda qanadın açıq vəziyyətdə qalması və qapalı vəziyyətə qayıda bilməməsinin nəticələrini istisna etmək istəyirdik. Keçidin kifayət qədər sürətli olacağına əmin olmaq vacib idi ki, keçid prosesi maşının stabilliyini itirməsinə səbəb ola bilməsin.

Nəticədə ümumi konsepsiya məqbul sayıldı, baxmayaraq ki, Red Bull üçün müəyyən əlavə iş tələb olundu. Biz onlara sistemdən istifadəni qadağan etmədik, amma maşınlarının təhlükəsiz olması üçün əlavə səy göstərməli oldular. Düşünürəm ki, komandaların heç biri öz maşınının qəzaya düşməsini görmək istəməz”.