Ferstappen: Mən komanda dəyişməkdən çox, karyeramı bitirməyə daha yaxın idim

Maks Ferstappenlə Red Bull Racing-in əməkdaşlığının 2030-cu ilin sonuna qədər davam edəcəyi barədə xəbər, təbii ki, Niderland Qran Prisində akkreditə olunmuş mətbuat nümayəndələrinin böyük marağına səbəb olub və bu gün günorta saatlarında paddokda dördqat dünya çempionu və onun komandasının rəhbəri Loran Mekislə mətbuat konfransı keçiriblər.

O cümlədən həmin mətbuat konfransında Maks etiraf edib ki, başqa komandaya keçməkdənsə, daha çox Formula1-də karyerasını başa vurmağa yaxın olub. Halbuki son ilyarımda bu mövzuda kifayət qədər müxtəlif şayiələr və dedi-qodular dolaşırdı.

“Mən komanda dəyişməkdən çox, istefaya daha yaxın idim, – deyə Maks həmin mətbuat konfransında bildirib. – Red Bull Racing-də işləmək mənim xoşuma gəlir. Düşünürəm ki, karyeramı məhz Red Bull-da başa vura bilsəm, bu, gözəl hekayə olar. Çünki vaxtilə bu komanda məni seçib və mən yalnız burada çıxış etmişəm.

Mən sırf nəyisə dəyişmiş olmaq üçün nəyisə dəyişməyə ehtiyac duymuram, başqa rəngli maşının sükanı arxasına keçməyə də ehtiyacım yoxdur. Mavi mənim sevimli rəngimdir və bu da kömək edir”.

Keçmişdə Ferstappen dəfələrlə narazılığını ifadə etmişdi ki, çempionatın təqvimində yarışların sayı getdikcə artır, sprintli mərhələlərin sayı çoxalır, üstəlik, bu il ona traslərdə mübarizənin xarakterini ciddi şəkildə dəyişən yeni texniki reqlament də xoş gəlmir. Bununla belə, Maks əmin edib ki, indi Formula1-in gələcək inkişaf perspektivləri ilə bağlı gözləntiləri kifayət qədər müsbətdir.

“Etiraf etməliyəm ki, ilk bir neçə yarışdan sonra Lorana dedim: “Məndən gələcəyimlə bağlı heç nə soruşmayın, çünki, ümumiyyətlə, Formula1-də qalmaq istəyib-istəmədiyimi bilmirəm”, – deyə dördqat dünya çempionu şərh edib. – Amma düzünü desəm, biz hər zaman bütün mümkün ssenariləri nəzərdən keçirməyə hazır olmuşuq. Mən yarışmağı sevirəm, Formula1 və FİA rəhbərliyi ilə çox yaxşı söhbətlərim olub.

Biz işləməyə davam edirik, yavaş-yavaş düzgün istiqamətdə irəliləyirik və hər şey tədricən yaxşılaşır. Bundan əlavə, mən özüm də uyğunlaşmışam. Hamımızın içində olduğumuz vəziyyəti olduğu kimi qəbul etmişəm və sadəcə mümkün olan ən yaxşı nəticəni qazanmağa çalışıram.

Müqaviləm daha beş il uzadıldığı üçün bu, imkan pəncərəsi açır. Çünki nəzəri cəhətdən V8 mühərrikləri geri qayıda bilər və mən də buna baxmaq istəyirəm”.