Ferstappen: Mən əlavə motivasiya hiss etmirəm

Racingnews365-ə müsahibəsində Maks Ferstappen bildirib ki, son ev Qran Prisi ərəfəsində əlavə motivasiya hiss etmir - sadəcə ona görə ki, o, hər zaman maksimum dərəcədə motivasiyalı olur.

Maks Ferstappen: “Məndə heç vaxt əlavə motivasiya olmur, əks halda bu, çatışmazlıq olardı. Bu o demək olardı ki, başqa bir yerdə motivasiyam yetərli deyil, amma belə deyil. Mən hər zaman işimi yaxşı görməyə çalışıram.

Əlbəttə, Zandfortda çıxış etməyi sevirəm. Bu trasda inanılmaz dəstək hiss edirəm, orada böyük uğurlar qazanmışam və qarşıdakı mərhələni səbirsizliklə gözləyirəm. Zandfortda bəlkə də sonuncu Qran Pridən zövq almağa çalışacağam.

Amma tras bundan sonra da mövcud olacaq. Və əgər orada sürmək istəsəm, bunu edə biləcəyəm. Formula1-dən sonra da ora gəlməyə davam edəcəyəm”.