Birlikdə onlar dörd titul qazanıb, iki Mühəndislər Kuboku əldə edib və 71 qələbəyə imza ataraq müasir Formula1 tarixinə düşən çox sayda parlaq an yaşayıblar. Sürücü ilə komandası arasında əldə olunan yeni razılaşma onların gələcək inkişafla bağlı ortaq baxışa malik olduqlarını göstərir.
Loran Mekis: “Maks bizimlə qalır – biz çempionatın ən yaxşı sürücüsü ilə əməkdaşlığı davam etdirəcəyik və bu, həm bizim üçün, həm bütün Formula1, həm də ümumilikdə avtoidman aləmi üçün əla xəbərdir.
İlk gündən Maks Red Bull Racing-i fərqləndirən bütün keyfiyyətlərin təcəssümü olub – qələbələrə güzəştsiz canatma, sarsılmaz qətiyyət və cəsarət. Onun komandaya və Red Bull-un bütün avtoidman layihələrinin tarixinə təsiri həqiqətən inqilabi olub və bütün ortaq uğurlarımızın təməlini qoyub.
Birlikdə irəliləmək qərarı həm də Maks ilə komandanın uzun illər ərzində qurduğu qarşılıqlı etimaddan, eləcə də onun bizim insanlara, mədəniyyətimizə və gələcəklə bağlı baxışımıza inamından xəbər verir. Çempionluq uğrunda mübarizələrdə bərkimiş bu münasibətlər zaman keçdikcə daha da güclənir və bu, Formula1-də ən parlaq uğur hekayələrindən biridir.
Amma bu hekayə davam edir, qarşıda hələ çoxlu qələbələr var və biz daha böyük uğurlara imza ataraq bu tarixə yeni səhifələr yaza bilərik”.
Maks Ferstappen: “Bu müqaviləni uzatdığıma görə çox şadam. Komandamızda ən yaxşı insanlar çalışır və yenidən zirvəyə qayıtmaq üçün onların hamısı ilə əməkdaşlığı davam etdirməkdən məmnunam. Bu, hamımız üçün əsas məqsəd olaraq qalır və biz ona doğru irəliləməyə davam edəcəyik.
Red Bull-a, Lorana və Red Bull Racing-də hər kəsə göstərilən etimada görə təşəkkür etmək istəyirəm. Mən həmişə demişəm: bu komanda mənim üçün ikinci ailə kimidir və burada özümü evdəki kimi hiss edirəm.
Mən bu komandaya yarışlar qazanmaq ümidi ilə gəlmişdim. Biz çox şeyə nail olduq və bu, sadəcə möhtəşəmdir, çünki bizi çoxsaylı inanılmaz gözəl anların xatirələri birləşdirir və birlikdə dörd çempionluq qazanmışıq. Mən həmişə bütün karyeram boyunca çıxış etdiyim komanda ilə əməkdaşlığı davam etdirmək istəmişəm və buna çox xüsusi yanaşıram.
Ötən il ərzində biz Loranla əla uyğunlaşdıq, Milton Kinsdə hər kəs layihəmizin uğuruna inanır və mən növbəti fəslin başlanmasını səbirsizliklə gözləyirəm. Həmin mərhələdə biz yenidən yarışlarda və çempionatlarda qələbələr uğrunda mübarizə aparacaq, komandanın gələcəyini formalaşdırmağa davam edəcəyik.
Həmçinin qeyd etmək istəyirəm ki, bu açıqlama Zandfortda keçirilən son Qran Pri zamanı verilib və bu mənim üçün xüsusi önəm daşıyır. Ümid edirəm ki, bu son yarışda azarkeşlər üçün həqiqətən parlaq bir şou təqdim edə biləcəyik”.





