20 Avqust 2019, Çərşənbə axşamı - 09:18

F.Alonso: “Vizor plyonkalarını … yerlərimizə qoyacayıq”

F.Alonso: “Vizor plyonkalarını … yerlərimizə qoyacayıq”

Müəllif: Rauf Hacıyev, redaktor

16:53 - 26 May, 2016

Fernando Alonso Monakodan etibarən tətbiq ediləcək vizor plyonkalarına gələn yasaqdan sonra plyonkaları “dilə gətirilməyəcək” yerlərinə qoymaq məcburiyyətində qalacaqlarını bildirib…

F-1.az xatırladır ki, vizor plyonkaları bolidin müxtəlif detallarına ilişir və mexaniki problemlər əmələ gətirir. FİA isə bunun qarşısını almaq üçün plyonkaları trasa atmağı yasaqlayacaq qayda üzərində işlədiklərini keçən il bildirmişdi. Qaydalar bu ilin ilk yarışından qüvvəyə minməli idi.

Amma komandaların narahat olduğunu görən FİA qərarı İspaniyaya qədər təxirə salmışdı, sonra daha bir yarışlıq təxirə salındı və Monakodan tətbiq edilməsi təsdiqləndi.

Komandalar və sürücülər hələ də bu barədə nə edəcəklərini bilmirlər. McLaren Honda komandasının sürücüsü Fernando Alonso vizorun üzərindəki qoruyucu təbəqələri gizlətmək üçün qeyri-adi ideyalar verib: “Bu qəribə qaydadır, çünki daha əvvəl belə şeylə qarşılaşmamışdıq. Vizor plyonkalarını sürücü kabinasında saxlamaq problem deyil.

Sabah üçün bəzi məsələlərə həll yolu tapdıq. Qoymaq üçün bir yer tapacayıq. Bunlardan bəzilərini indi deyə bilmirəm. Çünki 18+ yerlərdir.

Bunları pit yolunda atmaq məcburiyyətində qalacayıq. Pit-stopdan sonra 60 km/saat sürətlə getdiyimiz 10 saniyə ən əlverişli vaxt olacaq”.

Alonsonun komanda yoldaşı Censon Batton da plyonkaları çıxardıqdan sonra nə edəcəyini bilmir: “Fərqli ideyalar var. Əgər kabinaya qoysaq, bu asan olmaz. Xüsusən də 20 ildir bunu çölə atırıq və birdən-birə bunu etməmək bizim üçün çətin olacaq.

Əliniz havada olarkən, küləklə də uçub gedə bilər. Kabinəyə qoymaq çətin olacaq. İlk yarışın Monakoda olması işin başqa çətin tərəfidir.

Bu bir az HANS-ın (başı və boynu dəstəkləyən sistem) təzə gələn vaxtlarına oxşayır. HANS təzə çıxanda bizi narahat edirdi və heç kim sevmirdi. Amma ilk yarışdan sonra hamı bu problemləri unutdu”.

Alonso bildirib ki, qaydalara riayət etməyənləri hansı cəzanın gözlədiyini heç kim bilmir: “Hələ qərar yoxdur. Biz FİA-dan soruşuruq ki, bunun cəzası nə olacaq? Hələ də müzakirə edilir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 774
Teqlər , ,
Paylaş

logo