Emiliya Romanya-2022: Sıralanma turu

İmolada mövsümdə ilk dəfə sprint yarışı keçiriləcək ki, bu da həftəsonunun proqramında ciddi dəyişikliklərə səbəb olur. Sıralanma turundan əvvəl sadəcə bir sərbəst yürüşlər keçirilir ki, o da yaş asfaltda baş tutub.

F-1.az xatırladır ki, həmin tək sərbəst yürüş sessiyasında Şarl Lekler hamını üstələyib.

Sıralanma turu başlamazdan əvvəl tras quruyub. Lakin slikləri isitmək heç də asan olmayıb və ardıcıl dövrələrə ehtiyac duyulub.

İlk Sessiyada Fettel, Alonso, Stroll, Çjou, Okon və Bottas yumşaq təkərlərlə, yerdə qalan sürücülər isə keçid təkərlərlə trasa çıxıblar. Daha sonra hamı quru təkərlərinə keçib. Elbonun arxa sağ əyləci mexaniklərin səhvinə görə çox qızıb və alışıb. Qırmızı bayraqlar dalğalanıb. Sürücü maşını boksa çatdırıb və mübarizədən çəkilib. Marşallar yanan parçaları yığışdırıb, 10 dəqiqəlik fasilədən sonra yaşıl işıqlar yanıb. Latifi yerində fırlanıb. Trasın vəziyyəti getdikcə düzəlib və əsas nəticələr son dəqiqələrdə gəlib. 1:18.796-lıq dövrə Lekleri lider edib, Elbonla yanaşı, Okon, Latifi, Qasli və Tsunoda son beşlikdə qərarlaşıblar.

İkinci Sessiyada səma buludla örtülüb və hamı trasa çıxmaq üçün tələsib. Yenə qırmızı bayraqlar peyda olub – Sayns 18-ci döngədə qəza edib və mübarizə onun üçün də erkən başa çatıb. Fasilə 10 dəqiqə davam edib. Yağış yağmağa başlayıb. Əksər sürücülər bokslarda qalmağa üstünlük veriblər. Bir neçə sürücü keçid təkərlərlə trasa çıxsa da, nəticələri inkişaf etdirə bilməyib. Ferstappen 1:18.793 ilə ən yaxşı nəticəyə sahib olub, Stroll, Çjou, Həmilton, Şumaxer və Rassell həlledici mərhələyə keçə bilməyib.

Son sessiyada hamı keçid təkərləri ilə trasa çıxıb. Ferstappen trasdan çıxıb, lakin yoluna davam edə bilib. Hər kəs sürətli dövrəsində olarkən çınqıllığa düşən Maqnussen növbəti qırmızı bayraqlara səbəb olub. O trasa qayıdıb və maşını boksa çatdırıb, buna görə də, fasilə qısa olub. Alonso ilk sektorda ən yaxşı nəticə ilə getsə də, ikinci sektorda səhvə yol verib. Qırmızı bayraqları dördüncü dəfə dalğalandıran isə Valtteri Bottas olub. Onun maşınının təxliyəsi 14 dəqiqə çəkib. Bundan əvvə isə Ferstappen günün ən həlledici dövrəsini vurub – 1:27.999. Yaşıl bayraqlardan sonra hamının yalnız bir cəhd üçün vaxtı olub, lakin heç kim nəticəsini yaxşılaşdıra bilməyib. Norrisin sonlara yaxın 13-cü döngədəki qəzasından sonra sıralanma turunun davam etdirilməməsinə qərar verilib.

Beləliklə, Maks Ferstappen mövsümdə ilk, karyerasında isə 14-cü poulunu qazanıb. İkinci yeri Şarl Lekler, üçüncü yeri isə Lando Norris tutub. Kevin Maqnussenin dördüncülüyü isə Haas komandasının tarixində ən yaxşı sıralanma turu nəticəsidir. Lakin unutmayaq ki, bazar günü baş tutacaq əsas yarışın start düzümünü sabahkı sprint yarışı müəyyən edəcək…

 

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 2 1:19.295 11 1 1:18.793 3 1:27.999 8
2 16 Şarl Lekler Ferrari 1 1:18.796 10 5 1:19.584 4 1:28.778 8
3 4 Lando Norris McLaren 8 1:20.168 10 3 1:19.294 5 1:29.131 7
4 5 Kevin Maqnussen Haas 7 1:20.147 11 7 1:19.902 3 1:29.164 7
5 14 Fernando Alonso Alpine 9 1:20.198 12 6 1:19.595 6 1:29.202 8
6 3 Daniel Rikkardo McLaren 6 1:19.980 11 9 1:20.031 3 1:29.742 7
7 11 Serxio Peres Red Bull 5 1:19.773 12 4 1:19.296 5 1:29.808 8
8 77 Valtteri Bottas Alfa Romeo 13 1:20.419 13 10 1:20.192 5 1:30.439 5
9 5 Sebastyan Fettel Aston Martin 11 1:20.364 12 8 1:19.957 6 1:31.062 7
10 55 Karlos Sayns Ferrari 3 1:19.305 10 2 1:18.990 3 0
11 63 Corc Rassell Mercedes 12 1:20.383 13 11 1:20.757 3
12 47 Mik Şumaxer Haas 14 1:20.422 13 12 1:20.916 3
13 44 Lyuis Həmilton Mercedes 15 1:20.470 12 13 1:21.138 3
14 24 Quanyu Çjou Alfa Romeo 4 1:19.730 13 14 1:21.434 3
15 18 Ləns Stroll Aston Martin 10 1:20.342 11 15 1:28.119 3
16 22 Yuki Tsunoda AlphaTauri 16 1:20.474 11
17 10 Pyer Qasli AlphaTauri 17 1:20.732 11
18 6 Nikolas Latifi Williams 18 1:21.971 13
19 31 Estenan Okon Alpine 19 1:22.338 9
20 23 Aleksandere Elbon Williams 20 3
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*