Şanxaydakı yarış həftəsonu günlərində konsernin yüksəkvəzifəli şəxsləri artıq Stefano Domenikali ilə görüşmüşdülər, ötən həftəsonu isə Monakoda danışıqlar davam etdirilib. Bu görüşlərdə yalnız Formula1-in prezidenti və icraçı direktoru deyil, həmçinin FİA prezidenti Muhəmməd bin Sulayem də iştirak edib. BYD isə danışıqlarda konsernin vitse-prezidenti Stella Li ilə təmsil olunub.
Bundan sonra FİA prezidenti sosial şəbəkələrdəki səhifələrində xanım Li ilə söhbət zamanı çəkilmiş fotoşəklini paylaşıb. Stella Li Monakodakı görüşlərin nəticələrini belə ümumiləşdirib: “BYD-nin ən ciddi niyyətləri var, biz gələcək imkanları, texnologiya məsələlərini öyrənirik, həmçinin hansı resurslara malik olduğumuzu anlamalıyıq”.
Ümumiyyətlə, konkret təfərrüat açıqlanmayıb, lakin bu qədər yüksək səviyyədə danışıqların aparılması faktı artıq müəyyən məna daşıyır.
Nəzəri olaraq müxtəlif ssenarilər mümkündür – mövcud komandalardan birinin satın alınmasından tutmuş öz zavod komandasının yaradılmasına qədər. Lakin Çin mənbələrinin qeyd etdiyi kimi, Formula1-in inkişaf vektoru BYD-nin dəyərləri ilə ziddiyyət təşkil edir.
Əgər konsern elektromobillərin və hibrid mühərrikli avtomobillərin istehsalına mərc edirsə, dünya çempionatında bir neçə ildən sonra güclü V8 benzin mühərriklərinin əsasında qurulmuş və o qədər də əhəmiyyətli olmayan elektrik komponentinə malik güc qurğularına qayıtmaq niyyətindədirlər.
Bununla belə, həmişə kompromis variantı da mövcuddur: Çin konserni komandalardan hər hansı birinin titul tərəfdaşı ola bilər və bu ssenarini həyata keçirmək ən asan yoldur.





