21 Yanvar 2019, Bazar ertəsi - 03:29

Braziliya Qran Prisi: Strateji təhlil

Braziliya Qran Prisi: Strateji təhlil

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:49 - 01 Dekabr, 2012

Britaniyalı ekspert Ceyms Allen Braziliyada komandaların strategiyasını və uğura təsir edən faktorları təhlil edib… Ceyms Allen: “Braziliya Qran Prsinin süjeti […]

Britaniyalı ekspert Ceyms Allen Braziliyada komandaların strategiyasını və uğura təsir edən faktorları təhlil edib…

Ceyms Allen: “Braziliya Qran Prsinin süjeti “Amerika dağları”nı xatırladırdı – eniş və yoxuşa, qalxma və enmə, hər dövrədə, hər döngədə ötmələr və dəyişkən hava. Sebastyan Fettel birinci dövrədəki toqquşmanın nəticələrinin öhdəsindən gələ bildi – yarışın gedişində radioəlaqəni də itirmişdi, dörd dəfə pit-stop etdi, birinci dövrəni 17-ci yerdə baaş vuran sürücü finiş xəttini altıncı yerdə keçdi və üçüncü dəfə ardıcıl olaraq çempion titulunu qazandı.

Fernando Alonso yeddinci yerdən start alsa da finişdə ikinci oldu, amma F2012-yə Battonla qələbə uğrunda mübarizə aparmağa sürət çatmırdı – yalnız qələbə ispaniyalı sürücüyə titul qazandıra bilərdi.

Çətin və gözlənilməz şəraitdə strategiya mütəxəssisləri dəqiq hesablamalara yox, hər şeydən əvvəl öz instinktlərinə üstünlük verirlər. Bəziləri heç nə itirmədikləri üçün risk edə bilərlər, ümidlərini bəxtə bağlaya bilərlər, amma titula iki namizəd risk edə bilməzdilər – onlar mütləq finişə çatmalı və maksimum xal qazanmalı idilər.

Yarışı üç hissəyə bölmək olar. İlk dövrələrdə yağış yağmağa başlayanda qərar qəbul etmək lazım idi – sliklərdə qalmaq yoxsa keçid təkərlər üçün boksa yollanmaq. Yarışın ikinci hissəsini sürücülər sliklərlə keçirdilər, son 20 dəqiqəsini isə yenidən yağış altında keçid təkərlərlə.

Yarış zamanı yağışın yağmasını proqnoz hələ bir həftə əvvəldən söyləmişdi, amma starta bir neçə saat qalmış yağışın yağma ehtimalı demək olar ki, iki dəfə azalmışdı, hətta yarışın tam quru asfaltda keçməsi ehtimalı var idi. Düzdür, hava soyuq olduğu üçün, rütubət yüksək olduğu üçün asfaltın vəziyyəti cümə və şənbə günü kimi olmayacaqdı. Əgər yarışın gedişində havanın temperaturu artsa idi, ond atəkərlərin yeyilmə dərəcəsi də, pit-stopların sayı da arta bilərdi.

Üç sürücü maşının potensialına uyğun okmayan yerdən start alırdı. Qrojan Pedro de la Rosa ilə sıralanma turunda toqquşmadan sonra 18-ci yerdən start alırdı, Maldonado on yerlik cərimədən sonra 16-cı yerdən yarışa başlayırdı. Rosberq isə sıralanma turunu əla keçirmiş və 10-cu yerdən start alırdı, hərçənd, maşının sürəti belə yüksək mövqedə dayanmağa imkan vermirdi.

Komandalar iki pit-stoplu strategiya seçmişdilər, ilk pit-stop 20-25-ci dövrələrdə nəzərdə tutulmuşdu, ikinci hissədə sürücülər üçün Hard tərkibi, üçüncü hissədə isə yeni Hard və ya işlənmiş Medium tərkibi nəzərdə tutulmuşdu. Əgər cümə sərbəst yürüşlərində asfaltın temperaturu +50 dərəcəni keçmişdisə, yarış günü temperatur cəmi +23 dərəcə təşkil edirdi, ona görə də komandalar vəziyyətə reaksiya verməli oldular.

Pirelli yenə də konservativ seçim etmişdi, bəzi döngələrdə yüksək yüklənməni nəzərə alan təkər istehsalçısı komandalara Hard və Medium tərkiblərini təklif eləmişdi. Cümə günü sərbəst yürüşlərdə Hard tərkibi öz temperatur diapazonunda işləmirdi – asfalt onlar üçün çox isti idi, sürücülər asfaltla pis ilişmədən gileylənirdilər, təkərlər vaxtından əvvəl dağılırdı, amma yarış günü soyuq hava daha çox Hard tərkibinə uyğun gəlirdi, nəinki Medium tərkibinə.

Startdan əvvəl güclü komandalardan yalnız Pol di Restanın yeni Medium təkər dəsti qalmışdı. Ferrari sürücülərinin bir, Red Bull və McLaren sürücülərinin isə iki Medium təkər dəsti təzə qalmışdı. Eyni zamanda Ferrari bu komandalara dövrədə 0.3-0.4 saniyə uduzurdu.

Cümə günü Skuderiya iş proqramını sürücüləri arasında bölmüşdü, uzun dövrələr seriyasında Massa Medium-la, Alonso isə Hard-la işləmişdi, ona görə də komanda optimal strategiya seçimi üçün kifayət qədər məlumat toplamışdı. Yekunda komanda Medium tərkibini seçdi – Ferrari və Lotus yarışın ikinci hissəsində məhz bu tərkibdən istifadə etdi.

Yarışın əvvəlində vəziyyət çətin idi və komandalar vəziyyətə düzgün qiymət verməli idilər. Sliklərlə maksimum uzun məsafə qət etmək lazım idi, amma bunu hamı edə bilmədi – kiçik yağış altında təkərlərin zəruri temperaturunu saxlamaq çox çətin idi.

Təxminən 10-cu dövrədə komandalar sürücülərin strategiyasını fərqləndirməyə başladılar – bir sürücü slikdə qalırdı, digəri isə keçid təkərlər alırdı. Red Bull keçid təkərləri əvvəlcə Uebberə verdi, bir dövrə sonra isə Fettelə. McLaren-də Həmilton keçid təkərlər alsa da, Batton sliklərdə qaldı.

Bu zaman elə təəssürat yarandı ki, Batton və Hülkenberqin slikləri trasın vəziyyətinə uyğun gəlmir. Digər tərəfdən keçid təkərlərini vaxtından əvvəl almış sürücülər təkərlərin dənlə örtülməsindən əziyyət çəkirdilər. Nəticədə bəzi sürücülər 18-20 dövrələrdə ikinci dəfə pit-stop etməli oldular, Batton və Hülkenberq isə artıq peletondan 40 saniyə uzaqlaşdılar.

Dəyişkən hava zamanı Force İndia komandasının strateqləri çox vaxt Battonun hərəkətlərini təkrar edirlər – Censon isə bu şəraitdə çox effektiv hərəkət edir. Keçmişdə komanda bu yolla bir neçə dəfə uğur qazanıb.

İnterlaqosda Batton və Hülkenberq təkərlərin işçi temperaturunu uzun müddət stabil saxlaya bildilər – bunun üçün əvvəlcə trasdakı suyun öhdəsindən gəlmək lazım idi, daha sonra isə maşını dar qurumuş trayektoriyada saxlamaq. Belə vəziyyətdə ötmək çox çətin olur, çünki trayektoriyadanın kənarında ilişmə yoxdur və bir çox sürücülər trasdan çıxırdılar.

Yarışın həlledici anı 23-cü dövrədə oldu – trasdakı qırıntılar üzündən Bernd Maylander Təhlükəsizlik Maşınını trasa çıxardı. Bu hadisə Həmiltona, Alonsoya, Fettelə və Uebberə çox kömək etdi. Batton və Hülkenberqin seçimi qalmadı və onlar təkərlərini dəyişməyə yollandılar.

TM-dən bir qədər əvvəl artıq tras qurumağa başlayırdı və digər sürücülər də sliklərə keçmişdilər, Ferrari və Lotus Medium tərkibinə üstünlük versə də, digər komandalar Hard tərkibini seçmişdilər. Lotus elə bu təkərlərlə də finiş görməyə hazır idi, maşın təkərlərlə çox qənaətcil işləyir, amma Ferrari bunu edə bilməzdi, çünki finişə 50 dövrə qalırdı.

Yarışdan sonra komandaların strateqlri öz seçimlərini düzgün saydılar, çünki heç kim Batton və Hülkenberqin seçimini nüsxələyə bilməzdi – heç kim əmin deyildi ki, Medium tərkibinin işçi temepraturunu bu qədər stabil saxlamaq mümkündür.

Bu şəraitdə Batton həmişə effektiv olur, amma Hülkenberq də 2010-cu ildə məhz İnterlaqosda oxşar şəraitdə poul qazanmışdı. Heyif ki, Niko Həmiltonu keçməyə çalışarkən maşına nəzarəti itirdi və cərimə olundu…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 196
Teqlər
Paylaş

logo