Banyaya son anda poulu ələ keçirib

Motosikletçilərin MotoGP çempionatında əfsanəvi Le Man trasında mövsümün 5-ci mərhələsi çərçivəsində sıralanma turu baş tutub. Buqatti-nin zavod trasında Ducati-nin son çempionu Françesko Banyaya mövsümdə 2-ci poulunu rəsmiləşdirib.

F-1.az xəbər verir ki, mübarizə arxada qalan 3 sərbəst yürüşdə ilk onluğa düşməyi bacarmayan sürücülərin sessiyası ilə başlayıb. Mübarizəni davam etdirmək hüququ verən iki vəsiqəni Luka Marini və Auqusto Fernandes qazanıblar. Fabio Kuartararo, Xuan Mir və Aleks Rins mübarizəni dayandırıblar.

Əsas sessiyada mübarizə gərgin alınıb. İlk cəhdlərdən sonra protokollara Aprilia-dan Maverik Vinyales başçılıq edib. Sessiyanın sonuna 6 dəqiqə qalmış sürücülər yekun cəhdlər üçün trasa yollanıblar və bu zaman Vinyalesin baykında problemlər peyda olub və sürücü trasa çıxa bilməyib. Onun komanda yoldaşı Aleş Esparqaro isə 1-ci döngədə yıxılıb və sarı bayraqların dalğalanmasına səbəb olub. Ona görə də Maverikin nəticəsi bir müddət öndə qalıb. Amma sona 2 dəqiqə qalmış sarı bayraqlar yığışdırılıb və sürücülər sürətli dövrəyə başlayıblar.

Damalı bayrağın dalğalanmasına bir qədər qalmış zədəsi üzündən 3 yarış buraxmış Mark Markes protokolların zirvəsinə yüksəlib. İspaniyalı sürücü tarixin 1000-ci yarışında 65-ci poulunu bayram etməyə hazırlaşıb. Çünki son dövrəyə başlamış Françesko Banyaya sektorlar üzrə ona uduzub – 3-cü sektordan sonra sonuncu dünya çempionu 0.029 saniyə uduzsa da, finişdə 6 qat dünya çempionunu 0.058 saniyə üstələyə bilib.

Bununla da Pekko mövsümdə ikinci dəfə həm bu gün sprintə, həm də bazar günü əsas yarışa pouldan başlayacaq. Mark Markes çempionatın ilk yarışına pouldan başlamışdı, bu dəfə startda 2-ci olacaq. İlk cərgəni isə Luka Marini tamamlayacaq.

Xatırladaq ki, sprint (qısa) yarış bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*