Azərbaycanın virtual yarışlardakı fəxri Yaqub Əliyev: Öz bayrağım altında yarışa bilmirəm

Bildiyiniz kimi artıq real yarışlarla yanaşı virtual yarışlar da keçirilir. Hətta, peşəkar yarış pilotları da bəzən bu yarışlarda iştirak edirlər. Formula1-də də komandaların artıq virtual yarış komandaları olur. Azərbaycanda da virtual yarış sürücüləri var. Onların ən güclüsü və uğurlusu isə Yaqub Əliyevdir.

F-1.az bildirir ki, Yaqub bir neçə dəfə beynəlxalq virtual yarışlarda ölkəmizi təmsil edib və çempionluqlar əldə edib. Bəs Yaqub kimdir? Gəlin onu yaxından tanıyaq.

R.H: Salam. Əvvəlcə özünü təqdim et.

Y.Ə:  Salam, Rauf bəy.
Menim adım Yaqub, soyadım Əliyevdir. 17 yaşım var 10.21.2003 təvəllüdəm

210 saylı tam orta məktəbin 11-ilik təhsil sistemini 2020-ci ildə uğurla bitirmişəm.

Hazırda Baki Biznes Kooperasiya Kollecin informasiya texnologiya ixtisasının rus bölməsinin 2-ci kursunda təhsil alıram, bu ixtisasa daxıl olmaq səbəbim kompüteri və yeni texnologiyalar aid cihazları çox yaxşı bilməyimdir.

R.H: Yarışlara necə marağın oyandı?

Y.Ə: Avtomobilə və həmçinin avtoidman yarışlarına marağım uşaq vaxtından yaranıb, uşaq vaxtlarımda seqam var idi. Orada həmişə maşın oyunları oynayardım. İlk dəfə 2007-ci ildə TV-də yarış gördüm və o zaman mənim 3 yaşım var idi. İlk baxdığım Formula 1 yarışı Braziliya Qran prisi idi və o yarışda məni ilk heyran edən Mclaren bolidləri olmuşdu. O yarışı Kimi Raikkonen birinci bitirərək, Dünya Çempionluğunu qazanmışdı. Bu yarışdan sonra mən hər həftə f1 yarışlarının başlmağını gözləyirdim, amma təssüflər olsun ki, o vaxtlar internet hər bir adamın evində olmadığına görə yarış cədvəlini bilmirdim və yarış sezonu artıq bitmişdi.
Bu avtoidman yarışlarının mənim həyatımdakı ilk nöqtəsi oldu və mən hər zaman ölkəmizdə keçirilən idman tədbirlərində iştirak etmişdim. 2012-ci ildə Baku City Challenge, 2014-cü ildə Blancpain GT3 , 2016-cı ildən 2021-ci ilə qədər Formula1 yarışların canlı canlı izləmişəm, 2019 cu ildə Red Bull Azərbaycanın dəvəti ilə həyatımda ilk dəfə F1 paddokuna daxil olmuşdum, orada əsil yarış abu-havası var idi. Pilotları, mexanikləri, bolidləri, keçmiş F1 pilotlarını yaxından görmüşdüm və sevincimin həddi-hüdudu yox idi.

R.H: Bəs Sim Racingə necə başladın? Hansı oyunla debüt etdin?

Y.Ə: Birincisi Sim Racing-in nə olduğunu sizə bildirim. Sim racing Simulatorda yarış deməkdir. (Simulator sözü kompüter oyunlarını əhatə edir, hansı ki, real avtomobilin fiziki parametrlərinə uyğun olaraq virtual oyunda yaradılıb.)
Hər şey ev şəraitində qurulur. Oyun sükanı olur, pedaları real avtomobildəki kimi yığılır və iki oyun platforması arasında – PC və ya PlayStation – seçim olur. 

Mən 7 ildən çoxdur ki, sim racing-də yarışıram. 3 ildir peşəkar səviyyədə çıxış etmişəm və hazırda da edirəm. 

Sim Racing-də debütüm 2014-cü ildə olub. Formula1 Rusiya pilotlarının arasında keçirilən həvəskarlar çempionatında iştirak edirdim və yarışları çox vaxt top 5-likdə bitirirdim, amma profesional şəkildə ilk dəfə debut elədiyim oyun 2018-ci ildə Gran Turismo Sport olub.  Bu oyun platformasında keçirilən FİA-nın rəsmi və həvəskar çempionatlarında iştirak edərək çox saylı nailiyyətlər eldə etmişəm.

Böyük  nailiyyətlərimi sıralayım:

2020-ci ildə TYT Bakıda keçirilən GT-86 yarışında 274 nəfərin içərisində biricilik eldə etmişəm.

2020 ci ildə SMP Racing Yarış komandasının keçirdiyi real və virtual pilotların arasında olan Çempionatda 1-ciliklə bitirərək, çempion olmuşam.

2021 ci ildə Beynalxalq Avtomobil Federasiyası GT-SPORT-un keçirdiyi Nations Cup və Manufacture Cup üzrə Çempionatda MDB ölkələri arasında 1-ci olmuşam və dünyada top-35 pilot sırasına düşmüşəm.

Nəhayət, yeni bir nailiyyətim – DTF AUTOSPORT-un keçirdiyi çempionatda 5 etpadan ibarət olan çempionatda iştirak edərək 1-ci olmuşam.

R.H: Əvvəl real həyatda yarışıb sonra similyatora keçdin ya tərsi?

Y.Ə: Yox virtualdan real şürüşlərə keçmişəm , Gran Turismo oyun platformasında illərlə yığdığım sürüş təcrübəmi real sürüşə keçirə bildim və bu məndə çox gözəl alınır .

R.H: simulyatordan real yarışa keçəndə çətinlik yaşadınmı?

Y.Ə: Çətinlik ondan ibarətdir ki, sən Virtualda ancaq ruldan gələn Force feedback effektlərini hiss edirsən, amma real sürüşdə ondan fərqli olaraq artıq G qüvvətini hiss edirsən, bədənin döngələrdə ,əyləc zonalarında yüklənir.
Virtual biliklərin real sürüşə uyğunlaşması üçün vaxt və training lazımdır.
İndiki zamanda hidrovlik sırf yarış oyunlar üçün platformalar var. Hansı ki, G Gücünü hiss etdirir, amma onun qiyməti çox bahadır.

 

R.H: Dövlət və ya hansısa bir şirkət sənə dəstək olurmu?

Y.Ə: Bir neçə şirkət və qrup media dəstəklərini görsədir, ilk öncə Caspian Event Organizers-in baş direktoru Fərid Məmmədova öz dəyərli təşəkkürlərimi bildiriəm.  Onun da avtomobilərə və həmçinin avtoidmana çox marağı var, çox saylı media və həmçinin mənəvi cəhətdən mənə çox kömək edir. Bu şirkətin loqotipləri mənim yarışdığım yarış maşınların üzərlərində yerləşib.

Red Bull Azərbaycana da öz təşəkkürümü bildirirəm. Onlar da media dəstəyi verirlər və fərqli yarış tədbirlərinə dəvət edirlər. Nəhayət Drift Empire Azerbaijan qurumuna təşəkkür edirəm.  Hər birinə öz təşəkkürlərimi bildirirəm.

R.H: Azərbaycan Avtomobil Federasiyasına müraciət etmisən?

Y.Ə: Bəli , bir neçə dəfə email şəkilində yerli Avtomobil Federasiyasına məktublar yazmışam, amma hər biri cavabsız qalıb. Nə müsbət nə də ki mənfi cavab veriblər.

R.H: Federasiya səni sürücüsü kimi götürüb? Sənə kömək edirmi? Məsələn, səni kombinezon, əlcək və ya ayaqqabı kimi avadanlıqlarla təmin edibmi?

Y.Ə: Şükür Allaha ehtiyacım yoxdur. Ev şəraiti üçün lazım olan yarış avadanlığım var.  Real yarışlar üçün də bütün geyimlərim var.

R.H: Növbəti hədəflərin nədir? Məsələn, F1 komandalarının hazırda sim racing komandaları var. Onlara müraciət etmisən?

Y.Ə: Hədəflərim ondan ibarətdir ki, ölkəmizin beynəlxalq avtoidman çempionatlarında layiqincə təmsil edim. Fərq eləməz real yarışlarda hansısa bir touring yarışları olsun və yaxud virtual yarışlarda… Təki yarışlar olsun .

Bəli, Williams komandasına bununla bağlı bir məktub yazmışdım, amma heç bir müsbət ya da mənfi cavab gəlmədi. Onu da deyim ki, F1 Esports yarış komandalarına qoşulmaq üçün F1 oyun platformasında keçirdiklən rəsmi çempionatlarda yüksək nəticə göstərmək lazımdır. 

Hazırda Britaniyanın SideMax Motorworks Esport komandasının pilotuyam və komanda yoldaşlarımla birgə əlimizdən gələni edirik və çalışırıq ki, yüksək nəticələr göstərək. Bu, bizdə yaxşı alınır.

R.H: Bəs bu mövzuda Federasiyadan hər hansı bir dəstək gəlirmi? Məsələn, sənin orada olmağın Azərbaycan üçün də yaxşıdır. Orada virtual da olsa, podiuma çıxıb, bayraq qaldıra bilərsən.

Y.Ə: Rauf bəy, bu çox gözəl sualdır və həmişə bu suala toxunanda mənə çox mənfi təsir edir.
Mən GT-SPORT oyun platformasında, Beynalxalq Avtomobil Federasiyanın keçirdiyi rəsmi çempionatlarda öz bayrağımın altında iştirak edə bilmirəm , soruşun niyə? Ona görə ki, bayrağımız yoxdur və mən məcbur olaraq Rusiya bayrağı altında sürürəm və bütün nəticələrim Rusiyanın hesabına gedir, mən bir Azərbaycan vətəndaşı kimi, idmançı kimi,  bir güclü pilot kimi öz ölkəmizin bayrağı altında çıxış etmək istəyirəm. Niyə mən başqa və mənə heç aid olmayan  ölkənin bayrağı altında sürməliyəm? Bu nə vaxta kimi belə olacaq? Cədvəli açsanız, görərsiniz ki, rusların  içində ən güclü pilot mənəm, MDB- ölkələri arasında birinciyəm, Avropada 30 güclü pilot siyahısındayam, ölkəmiz üçün bundan artıq nə edə bilərəm? Lap belə deyək. Mən dünyada TOP-16 pilotların arasında keçirilən yarışa dəvət aldım. Məndən Rusiyanın Səxsiyyət Vəsiqəsini tələb edən zaman  mən olara Azərbaycanın Şəxsiyyət Vəsiqəsini göstərsəm, məni avtomatik çempionatdan diskvalifikasiya edəcəklər, çünki mənə aid olmayan ölkənin bayrağı altında iştirak etmişəm.

Bununla bağlı Azərbaycan Avtomobil Federasiyasına bir neçə dəfə müraciət eləmişəm. Yerli Federasiya oyunun developerlərinə məktub göndərib, amma çox təəssüf ki bayrağımız indiki zamana gədər oyuna əlavə olunmayıb…

R.H: Bəs karyeranı real yarışçı kimi davam etdirmək fikrin var?

Y.Ə: Bəli, virtual yarışlarla birlikdə mən real yarışlarda da iştirak etmək istəyirəm, çünki bu mənim həyatımın bir mənasıdır. Avtoidman aləmində hansısa bir tədbir və yaxud yarış keçirilərsə, mən o məkanda iştirak edirəm, ancaq təssüflər olsun ki, indiki zamanda bizim ölkədə gənc pilotlar üçün nə yarışlar keçirilir nə də ki bir maarifləndirici dərslər, tədbirlər olur. Pandemiyadan əvvəl arada bir ölkəmizdə kartinq yarışları olardı, amma pandemiya bizə çox mənfi təsir elədi.

Mənim bir arzum var. Yalandan televiziya kanallarında, xəbər verilişlərində yalandan deməsinlər ki, biz ölkədə yerli pilot yetişdiririk. Bu çox gülməli və absurd səslənir. Hansı pilotlardan danışırlar? Kimi yetişdiriblər? Kimə dərs keçiblər? Yetişmiş pilotlar bizim ölkəyə digər ölkələrdən gəlir və onları bizim ölkənin adıyla yarışdırıb, biz pilot yetişdirmişik demək düzgün deyil, çünki ölkəmizdə avtoidmanın strukturu mənim fikrimcə, düz qurulmayıb. Çoxsaylı kartinq çempionatları keçirilsə də, həvəskar səviyyədə qalıb və o yarışların heç bir mənası yoxdur. Normal məktəb və təlim olmalıdır, peşəkar şəkildə Avtomobil Federasiyasının dəstəyi altında rəsmi yarışlar keçirilməlidir ki, bizim gənc pilotlarımız qabaqa gedə bilsinlər və ölkəmizi beynəlxalq yarışlarda təmsil edə bilsinlər. Ölkədə bir yarış treki olmalıdır və orada hansısa bir touring, yarışları da keçirilməlidir.
İnanıram ki, bizim ölkədə tezliklə avtoidman strukturu qabağa gedər və beynəlxalq yarışlar üçün biz əsil pilotlar yetişdirərik.

Müsahibə üçün təşəkkür edirəm, Rauf bəy.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*