Çərşənbə günü Bakıda Fernando Alonso bildirib ki, gələcək reqlament dəyişikliklərini Formula1 və FİA rəhbərliyi ilə müzakirə edir.
Fernando Alonso: “Sürət baxımından rəqiblərimizdən geri qalırıq, amma düşünmürəm ki, qərarımı müəyyən edəcək əsas amil məhz budur.
Gələn il güc qurğusunun güc bölgüsü 60:40 nisbətində daxiliyanma mühərrikinin xeyrinə yenidən paylanacaq və bu, vəziyyəti yaxşılaşdırmalıdır. Amma bəlkə də yarışları daha yaxşı etmək üçün üzərində düşünməli olduğumuz başqa məqamlar da var. Mən hər şeyi məhz belə görürəm. Madriddə dediyim kimi, burada mənim də məsuliyyətim var.
Mən Formula1-də kifayət qədər uzun müddətdir çıxış edirəm. Hamımız aşağı seriyalardan, kartinqdən, Formula3-dən, Formula2-dən gəlmişik, orada bizə mümkün qədər sürətli sürməyi, döngələri limitdə keçməyi və müəyyən riskə getməyi öyrədiblər.
Problem ondadır ki, müasir Formula1-də sürücü müəyyən mənada son 20 illik karyerası ərzində öyrəndiyi hər şeyi unutmalıdır. İndi tamamilə fərqli şəkildə pilotaj etmək lazım gəlir. Yalnız Formula1-də belə bir xüsusiyyət var – başqa heç bir yarış seriyasında sonda daha sürətli olmaq üçün daha yavaş getmək lazım deyil.
Bu il yaxşı yarışlar da oldu, pis yarışlar da. Və məncə, bütün bunlardan nəticə çıxarmalıyıq”.
Fernando Alonso əlavə edib ki, hazırkı güc qurğularına keçidlə bəzi əfsanəvi traslar və döngəlar sürücülər üçün əvvəlki qədər maraqlı olmayıb.
“Silverstounda möhtəşəm bir trasımız var idi, – deyə Alonso sözünə davam edib. – Amma indi bu trasda pilotaj etmək o qədər də zövq vermir. Spada da Eau Rouge-u keçmək artıq bir az qəribə hiss olunurdu. Suzuka və 130R – bəzi trasları bu il sadəcə məhv ediblər.
Bu mövsümün təcrübəsindən nəticə çıxarmalıyıq. Bəlkə də hələ nəyisə dəyişmək və gələn il Formula1-i daha yaxşı etmək üçün vaxt var. Mən Stefano Domenikali, Muhammed ben Sulayem və ümumilikdə komandalarla məhz bu barədə danışmağı davam etdirirəm”.





