P.Simonds üç Dünya Çempionunu müqayisə edib

Sabiq Formula1 mühəndisi Pət Simonds Dünya Çempionları Fernando Alonso, Ayrton Senna və Mixael Şumaxeri müqayisə edib.

F-1.az xatırladır ki, Pət 1980-ci ildən 2008-ci ilə qədər Enstoun komandalarında işləyib. O, Toleman dövründə Ayrton Senna ilə, Benetton dövründə Mixael Şumaxer ilə, Renault dövründə isə Fernando Alonso ilə işləyib.

O, 1994 və 1995-ci illərdə Mixaelin yarış mühəndisi olub və məhz o illərdə almaniyalı pilot iki dəfə Dünya Çempionu olub.

Pət Simonds: “Ayrton, Mixael və Fernando ilə işlədim. İşin maraqlı tərəfi isə o idi ki, onlarla onillik fasilələrdə işlədim. 80-ci illərdə Ayrtonla, 90-cı illərdə Mixaellə, 2000-ci illərdə isə Fernando ilə işləmişdim.

Unutmayaq ki, bu üç fərqli dövrdə sürücülərdən gözləntilər fərqli idi. Hər işdə 10 il uzun müddətdir, amma avtoidmanda bu 100 ilə bərabərdir. Hər şey bir göz qırpımında dəyişir.

Ayrtonla Toleman-da işləyəndə hələ məlumat toplamaq üçün cihazlar yox idi. O vaxt bu cihazlar yeni-yeni əmələ gəlirdi. Buna görə də sürücüyə güvənirdik. Düzlüyün sonundan hansı motor dövrü ilə getdiyi, düzgün ötürmədə olub-olmadığı, su və yağ temperaturu, radyatorları düzgün şəkildə boşaldıb-doldurduğu kimi məlumatlar alırdıq. Həm bolidi sürətli sürməli, həm də bunları düşünməli idilər.

Fernando dövründə isə boliddə baş verən hadisələr haqda daha çox bilirdik. O vaxt əsas olan yaxşı sazlanma tapmaq üçün sürücünün verdiyi məlumatlar idi. Bunun üçün də yaxşı sürücüyə ehtiyac olurdu.

Məsələn, Mixael çox balanssız maşınları sevirdi. Bolidiniz sürətli olsa da, bunu sürmək üçün yaxşı pilota ehtiyacın var. Əvvəllər Mixaelin maşınını balanssız edirdik və komanda yoldaşları onu sürməkdə çətinlik çəkirdilər.

Buna görə də fərqli dövrlərdəki sürücülərin performanslarını dəyərləndirmək çətindir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*