Rəsmən: Nürburqrinq və İmola çempionata qayıdır, Portimao isə debüt edəcək

Çempionatın təşkilatçıları bir qədər öncə təsdiq ediblər ki, 10 yarışdan ibarət olan builki təqvim daha 3 yarışla uzadılıb.

F-1.az xatırladır ki, təqvimin ilk Avropa hissəsi hələ iyun ayının əvvəlində təsdiq olunmuşdu və 8 yarışdan ibarət idi. Bir müddət sonra bu təqvimə daha iki yarış əlavə olunmuşdu.

Bu gün isə FOM daha üç trasla müqavilə imzalandığını bəyan edib. Hazırkı təqvimdə sonuncu olan Rusiya Qran Prisindən iki həftə sonra çempionatın iştirakçıları əfsanəvi Nürburqrinq trasına yollanacaqlar. Xatırladaq ki, sonuncu dəfə 2013-cü ildə bu trasda baş tutan yarışda qələbəyə Red Bull komandasının yerli sürücüsü Sebastyan Fettel sevinmişdi. Trasın son zamanlar istifadə olunan qısa versiyasında oktyabrın 9-11-də baş tutacaq yarış tarixdə ilk dəfə trasın yerləşdiyi ərazinin şərəfinə Ayfel Qran Prisi adlanacaq.

İki həftədən sonra isə komandalar Portuqaliyanın Portimao şəhərinə yollanacaqlar. Çempionat 1996-cı ildən sonra ilk dəfə oktyabrın 23-25-də Portuqaliya Qran Prisində qalibi müəyyən edəcək. Əfsanəvi Eştoril trasında baş tutan sonuncu Portuqaliya yarışını Jak Vilnöv qazanmışdı – Portimao trası isə çempionatda debüt edəcək.

Bir həftədən sonra isə komandalar yenidən İtaliyaya qayıdacaqlar. Mövsümün üçüncü italyan yarışı əfsanəvi İmola trasında – Enzo və Dino Ferrarilərin adını daşıyan trasda baş tutacaq. Bu trasda baş tutan tarixin sonuncu San Marino Qran Prisinin qalibi isə 2006-cı ildə Mixael Şumaxer olmuşdu. Bu dəfə F1 həftəsonu cəmi iki gün sürəcək, yəni oktyabrın son günü və noyabrın ilk günü komandaların ixtiyarında olacaq. Bu yarış isə əyalətin adı ilə Emiliya Romanya Qran Prisi adlanacaq. Hələlik həftəsonunun formatı təsdiq olunmayıb.

Beləliklə, çempionatın təqvimində 13 yarış yer almış olub. Eyni zamanda, təşkilatçılar təsdiq ediblər ki, məlum səbəblər üzündən ABŞ, Meksika, Braziliya və Kanada yarışlarını (yəni okeanın o tayındakı bütün yarışları) keçirmək məqsədəuyğun hesab olunmayıb.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*