Rəsmən: Təqvimin Avropa hissəsi təsdiq edilib

Formula1 rəhbərliyi mövsümün Avstriyadakı ardıcıl iki yarışla başlayacağını təsdiq edib və təqvimin Avropa hissəsini rəsmən açıqlayıb.

F-1.az xatırladır ki, koronavirus pandemiyası üzündən mövsümün təqvimində yer alan ilk 10 yarışdan dördü (Avstraliya, Monako, Fransa, Niderland) ləğv olunmuş, daha 6 yarış isə təxirə salınmışdı. FİA, Formula1 və komandalar bir müddət mövsümün baş tutması üçün planlar üzərində birlikdə çalışdıqdan sonra bu gün, nəhayət, Çeyz Keri mövsümün ilk 8 yarışlıq hissəsinin təqvimini elan edib.

Mövsüm əvvəldən də proqnozlaşdırıldığı kimi, iyulun 5-də Avstriya Qran Prisi ilə start götürəcək. Bir həftə sonra Red Bull Rinq ardıcıl ikinci yarışa ev sahibliyi etdikdən sonra (bu dəfə yarış keçirildiyi yerin şərəfinə Ştiriya Qran Prisi adlanacaq) çempionatın iştirakçıları Macarıstana yollanacaqlar. İlk üç həftədə keçiriləcək 3 yarışdan sonra bir həftəlik fasilə veriləcək və çempionat hökumətin yarışlara yenicə yaşıl işıq yandırdığı Britaniyadakı iki yarışla (ikinci yarış F1-in 70 illiyi şərəfinə Yubiley Qran Prisi adlanacaq) davam edəcək.

Növbə daha sonra Barselonaya çatacaq. Avropada baş tutacaq son iki yarışın tarixi isə ilkin təqvimdəki ilə eyni olaraq qalır – 30 avqustda Spa, 6 sentyabrda isə Montsa Formula1-i qəbul edəcək.

Sıra Tarix Ölkə
1 3-5 iyul Avstriya
2 10-12 iyul Avstriya
3 17-19 iyul Macarıstan
4 31 iyul – 2 avqust Böyük Britaniya
5 7-9 avqust Böyük Britaniya
6 14-16 avqust İspaniya
7 28-30 avqust Belçika
8 4-6 sentyabr İtaliya

 

Liberty Media bütün dünyanı bürüyən Kovid-19 virusuna rəğmən, çempionatı dekabr ayında tamamlamaq niyyətindədir və bu il 15-18 yarışın baş tutacağına ümid edir. Təqvimin qalan hissələrinin növbəti həftələrdə yayımlanacağı gözlənilir. Mövsümün ilk yarışları “Qapalı Tədbirlər” adı altında baş tutacaq və tamaşaçısız keçiriləcək. Növbəti aylarda isə azarkeşlərin yenidən tribunalardakı yerlərini tutacaqlarına hər kəs ümidvardır. İştirakçıların sağlamlığı və təhlükəsizliyi prioritet olaraq qalır, Formula1 rəhbərliyinin bunu təmin etmək üçün möhkəm və detallı planı var.

Çeyz Keri: “Biz son həftələrdə FİA, komandalar və digər tərəfdaşlarımızla birlikdə yarışların baş tutmasına imkan verən təhlükəsizlik tədbirləri və mövsümün ilk hissəsinin təqvimi üzərində yorulmadan işlədik. İlk 8 yarışı rəsmən elan etdiyimiz üçün məmnunuq və növbəti həftələrdə tam təqvimi təqdim etmək üçün çalışırıq. Bütün promouterlərə və tərəfdaşlarımıza dəstəklərinə və Formula1-ə sadiq qaldıqlarına görə təşəkkür edirəm.

Mövsümü boş tribunalar önündə başlamağa məcburuq, lakin ümid edirəm ki, növbəti aylarda vəziyyət azarkeşləri yarışlara buraxmağa imkan verəcək. Bilirik ki, Formula1-in qayıtması dünyanın hər yerindəki idmansevərlərdə xoş əhval-ruhiyyə yaradacaq”.

Qeyd edək ki, bütün bu yarışlara paralel olaraq, Formula2 və Formula3 dəstək yarışları da keçiriləcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*