Oskar Piastri: Ən vacibi odur ki, yerimizdə saymırıq

2024-cü ildə Oskar Piastri möhtəşəm üslubda Azərbaycan Qran Prisinin qalibi olmuşdu, bir il əvvəl isə elə həmin yarışın ilk dövrəsində qəza edərək mübarizəni dayandırmışdı. Buna görə də McLaren-in avstraliyalı sürücüsü Bakı trasına münasibəti ilə bağlı sualı cavablandırarkən bunun bir-birinə zidd iki hissin vəhdəti olduğunu bildirib.

Oskar Piastri: “Demək olar ki, müəyyən mənada bu, həm sevgi, həm də nifrətdir. Yəqin ki, ən yaxşı yarışımı məhz bu trasda keçirmişəm, amma bəlkə də ən pisini də elə burada yaşamışam. Bakıda yarışlar həmişə hadisələrlə zəngin olur və bunu öz təcrübəmdən bilirəm.

Burada sükan arxasında özünəinam qazanmaq çox vacibdir, amma təbii ki, məqsəd son həddə hücum etməkdir. Baku City Circuit şəhər trasına xas xüsusiyyətlərlə çox sayda intensiv əyləcləmə zonasının kifayət qədər nadir birləşməsi ilə seçilir, buna görə də bu tras özünəməxsus şəkildə maraqlıdır. Ümumilikdə, ümid edirəm ki, bu həftəsonum daha çox 2024-cü il yarışına bənzəyəcək.

Tədricən MCL40-ı daha inamla idarə edirəm, amma irəliləyiş xətti getmir, sən həmişə hansı yanaşmaların işlədiyini, hansılarının isə yox olduğunu öyrənirsən və hazırda biz hələ də bu mərhələdəyik. Düşünürəm, əvvəlki mərhələdə nəhayət sürətli maşınımız olub, amma yenə də bir dövrədə yaxşı nəticə göstərmək çox çətin idi.

Məncə, əsas çətinlik də budur, amma elə gəlir ki, yenə də irəliləyiş əldə etmişik, heç olmasa, idarəetməyə fərqli yanaşmaları öyrənmişik, bəziləri effektiv olub, bəziləri yox, amma ən vacibi odur ki, yerimizdə saymamışıq”.

Bundan başqa, o, komandanın rəhbəri Andrea Stellanın Oskara bu ilin maşınının xüsusiyyətlərini daha yaxşı anlamaqda kömək etmək üçün əlavə mühəndis resursları cəlb etdiklərini dediyi fikirlərini də təsdiqləyib:

“Sükan arxasına əyləşmədən üzərində işləmək mümkün olan çoxlu məqamlar var və əlbəttə, yaxşılaşmaya nail olmaq üçün əlimizdən gələni edirik. Mən bunu hiss edirəm və bu, yaxşıdır. Məhdud vaxt şəraitində hansısa yanaşmaları təsadüfi şəkildə seçib sınaqdan keçirə bilmərik. Məncə, komanda mümkün qədər tez irəliləyiş əldə etməyə çalışaraq çox yaxşı reaksiya verib və əlbəttə, mən onun hərtərəfli dəstəyini hiss edirəm”.