Orihara: Aston Martin Honda-ya qarşı heç bir iddia irəli sürməyib

Mövsümün çətin başlanğıcına və Honda-nın güc qurğusu ilə bağlı çox sayda problemə baxmayaraq, Aston Martin-də yapon istehsalçıya qarşı heç bir irad səsləndirilməyib. Honda Racing-in baş mühəndisi və yarış briqadasının rəhbəri Şintaro Orihara bildirib ki, Aston Martin-də hər zaman müsbət yanaşma qorunub saxlanılıb və güc qurğusundakı problemlər birgə səylərlə həll edilib.

Şintaro Orihara: “Bildiyiniz kimi, qış testləri zamanı ciddi problemlərlə üzləşmişdik. Amma mövsümün əvvəlində trasda münasibətlərimiz yaxşı idi və bunda Mayk Krəkin böyük rolu var idi.

Aston Martin-də Honda-ya qarşı heç vaxt irad bildirilmədi. Əlbəttə, biz peşəkarıq, buna görə də problemin nədən qaynaqlandığını və ona necə reaksiya verilməli olduğunu müzakirə edirdik. Amma onlar hər zaman Honda-ya hörmətlə yanaşırdılar, buna görə də mövsümün əvvəlindən münasibətlərimiz yaxşı idi.

Bazada da əməkdaşlıq elə ilk gündən yaxşı qurulmuşdu, sonra isə daha da sıxlaşdı. Batareya ilə bağlı vibrasiya problemləri ortaya çıxanda birlikdə daha yaxın işləməyə başladıq. Buna görə hesab edirəm ki, mövsüm ərzində qarşılıqlı işimiz və münasibətlərimiz getdikcə daha da yaxşılaşdı.

Bu problemlərlə üzləşəndə, Honda-nın bazasının yerləşdiyi Yaponiyadakı Sakurayla Aston Martin arasında hər gün iclaslar keçirilirdi. Hər gün dəqiq nələrin edilməli olduğunu müzakirə edirdik.

Qış testləri zamanı batareya ilə bağlı problemlər yarandı və ən ciddisi də məhz onlar idi. Heç bir əks-tədbir görülməsəydi, mövsümün ilk üç mərhələsini keçirə bilməzdik. Nəticədə qış testləri başa çatandan ilk yarışa qədər hər gün nə etməli olduğumuzu müzakirə edirdik.

Sonda ilk mərhələ üçün həlli birlikdə hazırladıq və problemin təkrarlanmasının qarşısını ala bildik. Pərdəarxasında görülən iş məhz bundan ibarət idi”.

,