Okon və Komatsu arasındakı münaqişənin təfərrüatı məlum olub

Kimi Antonellinin titulundan başqa, Mexiko Qran Prisinin diqqətçəkən mövzularından biri də Haas-da yaşanan gərginlik olub. Şənbə səhəri komanda gözlənilmədən Esteban Okonun yerinə Rio Hirakavanın çıxacağını açıqlayıb, lakin bunun səbəbini izah etməyib.

Paddokda fransalı sürücü ilə komandanın rəhbəri Ayo Komatsu arasında az qala əlbəyaxa davaya çevrilən münaqişə müzakirə olunub. Esteban Okon hətta fiziki zorakılığı təkzib etdiyi bəyanat da yayıb.

Almaniyanın Bild tabloidi baş vermiş münaqişənin təfərrüatlarını öyrənib. Nəşrin məlumatına görə, şənbə günü səhər Esteban Okon cümə günü məşqlərdən sonra keçirilən texniki brifinq zamanı baş vermiş gərgin mübahisədən sonra Ayo Komatsunun yanına üzr istəməyə gəlib. Lakin Komatsu Okonla danışmaq istəməyib.

Buna cavab olaraq Esteban bildirib ki, danışmayınca getməyəcək, Komatsu isə ofisdən çıxmağa cəhd edəndən sonra onun çiynindən tutub. Nəşr Okonun rəhbərini nə qədər güclü tutduğu və Komatsunun müqavimət göstərib-göstərmədiyi barədə məlumat verməyib, lakin məhz bu görüşdən sonra Okonu Hirakava ilə əvəzləmək qərarı verilib.

Bu həftə Esteban Okon ilə Haas arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı açıqlamanın veriləcəyi gözlənilir.

,