Franko Kolapinto tək sarı bayraqların qüvvədə olduğu zonada sürətini kifayət qədər azaltmayıb. Stüardlar telemetriyanı, kamera qeydlərini araşdırdıqdan və sürücünün izahatını dinlədikdən sonra bu qənaətə gəliblər. Buna görə də Franko finişdəki nəticəsinə 10 saniyə əlavə olunması və bir cərimə balı ilə cəzalandırılıb. Bununla da onun son 12 aylıq dövrdə cərimə ballarının sayı beşə çatıb.
Pyer Qaslinin qayda pozuntusu isə daha ciddi olub. Alpine-nin fransalı sürücüsü ikiqat sarı bayraqların qüvvədə olduğu zonada sürətini kifayət qədər azaltmayıb. Dinləmələr zamanı Qasli və komandanın nümayəndələri sürücünün sürəti yetərincə azaltdığını bildirsələr də, stüardlar onun telemetriyasını digər sürücülərin telemetriyası ilə müqayisə edib və sürətin azaldılmasının yetərli olmadığı qənaətinə gəliblər.
Nəticədə Pyer Qasliyə Stop and Go cəriməsi verilib, lakin o bunu yarış ərzində çəkmək imkanı əldə etmədiyi üçün finişdəki nəticəsinə 30 saniyə əlavə olunub. Bundan başqa, ona iki cərimə balı da yazılıb. Bununla da Pyerin son 12 aylıq dövrdə cərimə ballarının sayı ikiyə çatıb.
Cərimələr tətbiq olunduqdan sonra Franko Kolapinto yarış protokolunda on beşinci yerə enib, Pyer Qasli isə on yeddinci olub.
Liam Louson yeddinci yerə yüksəlib, Qabriel Bortoleto səkkizinci, İshaq Həcər doqquzuncu, Rio Hirakava isə onuncu olub və debüt yarışında bir xal qazanıb.





