Esteban Okon: “Bəli, bu, maraqlı təcrübə olacaq. Sinqapur mərhələsinin proqramına ilk dəfə sprint daxil edilib və bu şəhər trasında hər şeyi düzgün etmək çox çətin olacaq. Hərçənd, mən belə sınaqları sevirəm, çünki cümə günü keçiriləcək yeganə məşq sessiyasında bir neçə dövrədən dərhal sonra bizi sprintə sıralanma turu gözləyir.
Amma isti havada yarışmaq mənə, belə desək, o qədər də xoş deyil və hamı üçün çətin olacaq. Bununla belə, bu həftəsonu iki sıralanma turunun olması əladır, çünki yekun nəticə onların nəticələrindən asılı olacaq. Ümumilikdə, görək işlərimiz necə gedəcək.
Haas komandasında vəziyyətdən danışsaq, artıq xeyli mərhələdir ki, işimizin öhdəsindən kifayət qədər yaxşı gəlirik, maşın normal işləyib, onun potensialını maksimum açmağa nail oluruq. Madriddə xal qazanmaq üçün bizə bir az çatmadı, amma Bakıda ilk onluqda finişə çatdıq, Malayziyada da xal qazanmalı idik, lakin təəssüf ki, ikinci pit-stopdan sonra hər şey istədiyimiz kimi getmədi. Bununla belə, rəqabətədavamlı idik.
Daha bir müsbət məqam ondan ibarətdir ki, bu həftəsonu komanda yoldaşım Oliver Börmanda növbəti texniki yeniliklər olacaq və əgər hər şey lazım olduğu kimi işləsə, mən də həmin yenilikləri Ostində alacağam.
Mövsümün sonuna çox yarış qalmayıb, amma son vaxtlar yaxşı çıxış edirik, gördüyümüz işdən razıyam… Gələcəyimə gəlincə, hər hansı xəbərim olan kimi bunu mütləq bölüşəcəyəm, hələlik isə bütün diqqətimi bu həftəsonu qarşımızda duran vəzifələrə yönəltmişəm.
Dünya çempionatında çıxış etdiyim illər ərzində Formula1-də yerə layiq olduğumu sübut etmişəm, əlbəttə, avtoidmanda başqa əla kateqoriyalar da var. Amma mən məhz F1-də daha beş-yeddi il çıxış etmək istəyirəm, başa düşürsünüz? Buna görə də buna nail olmaq üçün bu istiqamətdə işləməyə davam edəcəyəm”.





