N.Laudanın ölümündən bir il keçir…

Əfsanəvi pilot keçən ilin bu günü Sürixdəki böyrək çatışmazlığına görə dializ müalicəsi qəbul etdiyi xəstəxanada dünyasını dəyişmişdi.

6F-1.az xatırladır ki, Formula1 karyerasının son illərini Mercedes-in qeyri-icraçı rəhbəri kimi keçirən Lauda müxtəlif səhhət problemləri ilə qarşılaşmışdı. 2018-ci ilin iyulunda ona yeni ağciyər köçürülmüş və o tarixdən sonra paddoklara qayıda bilməmişdi. Keçən ilin yanvarında isə qrip olduğu üçün xəstəxanada yatmalı olmuşdu.

Formula1-də 1971-ci ildən 1985-ci ilə qədər March, BRM, Ferrari, Brabham və McLaren komandalarının tərkibində 171 yarışda start alan avstriyalı sürücü 25 qələbə, 24 poul, 54 podium əldə edib, 24 yarışda sürətli dövrənin sahibi olub. 1975, 1977 və 1984-cü illərdə dünya çempionu olub və ardıcıl 2 titul arasındakı ən uzun müddətə görə rekord (7 il) hələ də ondadır.

Niki Laudanın karyerasından ən yaddaqalan məqam isə 1976-cı ildə Nürburqrinqdə keçirdiyi dəhşətli qəzadır. Həmin qəzada ağır yanıq xəsarətləri almış və bir müddət yarışa bilməmişdi. Aldığı xəsarətlərin nəticələri onu ömrünün sonuna qədər narahat edirdi.

Xatırladaq ki, Mercedes komandası onun xatirəsini əbədiləşdirmək üçün maşının üzərindəki ulduzlardan birini qırmızıya boyayıb və bunun hər zaman belə olacağını açıqlayıb.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*