Bu gün Barselonada mövsümöncəsi testlərin sonuncu seriyası başlayıb, komandalar testlərə maraqlı texniki yeniliklər hazırlayıblar. Kənardan nəzərəçarpan yeniliklərin çoxu qazburaxma sistemi ilə əlaqədardır – mühəndislər maşının arxa hissəsində ikiqat diffuzorun qadağası ilə asfalta yatma qüvvəsinin itkisini adi diffuzorun effektliyini artırmaqla kompensə etmək istəyirlər.
Avtodroma toplaşanlar digər maraqlı yeniliklərin də şahidi olublar. Bəzi komandalar, xüsusən də Red Bull, yenilikləri rəqiblərindən və fotoqraflardan xüsusi pərdələrlə gizlədirlər, maşın boksa qayıdan kimi üzərini örtürlər. McLaren-in qeyri-adi yeniliyini isə gizlətmək mümkün deyil – MP4-26-nın düz burnunda ön antiqanada dörd trosla bərkidilmiş yarımkürə peyda olub.
Hamını bu elementin təyinatı maraqlandırır – çox güman ki, yarımkürənin altında ön antiqanada düşən yüklənməni ölçən cihaz gizlədilib…