Mattia Binotto ADUO sisteminin dəyişdirilməsini təklif edir

Audi F1 layihəsinin rəhbəri Mattia Binotto ADUO proqramını 2026‑cı ilin texniki tənzimləmələrinə daha çox uyğunlaşdırmaq təklifini irəli sürüb.

Hazırda ADUO yalnız daxiliyanma mühərriklərinin (DYM) effektivliyinin ölçülərini nəzərdə tutur; reytinqdə liderdən geri qalan güc qurğuları istehsalçılarına həmin qurğuları təkmilləşdirmək hüququ verilir.

Binotto hesab edir ki, güc qurğularının effektivliyini qiymətləndirmək üçün 2021-ci ildən etibarən şassi effektivliyinin qiymətləndirilməsində tətbiq olunan yanaşmadan istifadə etmək olar.

“Güc fərqini ölçmək üçün maşınlara müvafiq sensorlar quraşdırılıb. Amma ADUO proqramının əsasına yalnız kilovatlarla fərqin ölçülməsi qoyulanda bu düzgün yanaşmadırmı? – deyə Binotto Barselonadakı yarış həftəsonu zamanı mətbuata danışarkən söyləyib. – Mübahisə etmək olar. Amma şassiyə də bir növ ADUO var, sadəcə başqa adla; mahiyyəti ondan ibarətdir ki, əgər siz geri qalırsınızsa, aerodinamik tuneldə daha çox işləmək və digər tədqiqatlar aparmaq hüququ əldə edirsiniz – bu üsul komandaların imkanlarının müəyyən dərəcədə bərabərləşməsinə xidmət edir.

İndi, güc qurğuları üzrə qaydaları müzakirə edərkən, onların effektivliyini necə qiymətləndirmək lazımdır? Yalnız kilovatların ölçülməsi qərara alınıb – amma bu düzgün yanaşmadırmı? Bu da mübahisəlidir.

Bəlkə, biz şassidə tətbiq edilənə bənzər bir sistem hazırlamalıyıq? Orada əsas götürülən əvvəlki mövsümün nəticələridir; əgər məqsəd komandaların imkanlarının bərabərləşdirilməsidirsə, bu, yəqin ki, ən ədalətli yanaşmadır. Belə olduqda şassi və güc qurğularının effektivliyini əlaqələndirən unikal sistem əldə edərdik.

Bu halda ən güclü komandalar üstünlük əldə etməzdi, daha yavaş maşınlara malik olanlara və ya mühərrikləri ən az effektiv olan güc qurğuları istehsalçılarına daha çox imkan verilərdi.

Amma qaydalar hazırkı şəkildə formalaşdırıldığına görə biz tamamilə FİA-ya etibar etməliyik. Federasiyanın düzgün qiymətləndirmələr verəcəyindən şübhəm yoxdur. Amma gələcəkdə necə hərəkət etməliyik? Belə reytinqlərin tərtibi üçün başqa sistem yaratmaq zəruridirmi? Yəqin ki, bəli”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*