Qran Pridə 8 qələbənin müəllifi və dünya çempionatında inamla liderlik edən sürücü məktəblilər qarşısında mühazirə ilə çıxış edib və bu çıxış zamanı, o cümlədən, İtaliya Qran Prisiтdəki qələbəsini karyerasının ən yaxşı nailiyyəti adlandırıb. Təbii ki, söhbət yalnız bununla yekunlaşmayıb: gənc azarkeşlər öz yeni kumiri ilə şəkil çəkdirmək və ondan avtoqraf almaq imkanı da əldə ediblər.
Gənc azarkeşlərlə görüşdə Kimi Antonellinin çıxışının əsas məqamlarını Gazzetta dello Sport təqdim edib.
Kimi Antonelli: “Mən həmişə xəyal qururam – bu, hələ uşaqlıqdan başlayıb və indi də xəyal qurmağa davam edirəm. Hazırda mənim arzum titul qazanmaqdır, daha sonra isə bütün zamanların ən böyük sürücüsü olmağa çalışacağam! Mənim üçün idman həyatımdır. Düşünürəm ki, ümumiyyətlə, məni bu gün olduğum insana çevirən məhz idman olub. Amma ailəmin və komandamın dəstəyi olmasaydı, buna nail ola bilməzdim.
Düşünürəm ki, ən böyük sevinc və ən güclü hissləri mənə Monzadakı qələbə yaşadıb, bu, il ərzində mənim ən yaxşı podiumum olub. Emosiyalar, hətta ilk qələbədən sonra yaşadıqlarımdan da güclü idi – bir neçə səbəbə görə. Bu, mənim ev Qran Prim idi, üstəlik son sıralardan start almışdım, buna görə də həmin an unudulmaz idi. Qarşıdakı Bakı mərhələsindən danışsaq, orada əla tras var və orada bizə asan olmayacaq, amma düşünürəm ki, bunun öhdəsindən çox yaxşı gələcəyik.
Sizinlə ünsiyyət mənə xatırladıb ki, işdən zövq almaq vacibdir – bu, hər şeyə daha rahat yanaşmağa kömək edir. Amma daha vacibi, hər dəfə sükan arxasına keçəndə mümkün olan maksimum nəticəni göstərməyə çalışmaqdır. İlin sonuna qədər nəyə nail olacağımı isə zaman göstərəcək.
Məndən çox şey gözləyirlər, amma mən sakit qalmağa, bu günün vəzifələrinə köklənməyə və onları mümkün qədər yaxşı yerinə yetirməyə çalışıram. Məncə, təzyiqin yalnız mənfi tərəfi yoxdur və mən onun müsbət cəhətlərini görməyə çalışıram, çünki bu, hər şeyin öhdəsindən gəlmək və fərqlənmək imkanıdır. Amma qəribə də olsa, Monzada heç bir təzyiq hiss etmirdim”.





