“Mən Valentino Rossi və Yannik Sinner kimi olmağı arzulayıram, – deyə Antonelli bildirib. – Gələcəkdə Ferrari-yə keçə bilərəmmi? Heç nəyi istisna etmirəm, amma ilk növbədə Mercedes-lə çox şeyə nail olmaq istəyirəm”.
Lakin o, 2026-cı ildə dünya çempionu olmaq perspektivindən danışmaq istəmir: “Mövhumatçı olduğuma görə yox, sadəcə bu sözün özü məndə daha böyük gərginlik yaradır.
Dostların arasında ən yüksək səviyyədə çıxış edən, startdan əvvəlki son anlarda təzyiqə tab gətirməyin nə demək olduğunu anlayan idmançıların olması çox gözəldir. Həmin anlarda insanın özü ilə tək qalması lazımdır.
Belə insanlarla güclü dostluq münasibətlərin olanda bu, əlavə motivasiya verir, çünki sən daha yaxşı olmağa çalışırsan. Dostlarım qalib gələndə sevinirəm və eyni uğurlara, hətta daha böyüyünə çatmaq istəyirəm. Baxmayaraq ki, Yannik Sinnerdən də böyük uğura imza atmaq kifayət qədər çətindir.
Ən yaxın dostlarımdan biri Marko Bezzekkidir (Aprilia-nın zavod komandasında MotoGP-də çıxış edən motoyarışçı, bu il titul uğrunda iddiaçılardan biri). Biz bir-birimizi dəstəkləyirik və imkanım olanda onun yarışlarına gedirəm. Evdə olanda birlikdə şam edirik, ortaq dostlarımız da var.
Valentino Rossiyə gəlincə, demək olar ki, o, yarışları çox vaxt hələ start verilməmişdən əvvəl qazanıb – onun psixoloji hazırlığı o qədər güclü olub. O, hərtərəfli hazırlanmış idmançı olub və xüsusilə də son sıralardan start aldığı, amma geridönüş etməyi bacardığı həftəsonlarında Vale çox inamlı çıxış edib. O, həmçinin böyük populyarlıq qazana bilib.
Gələcəyimə gəlincə, Mercedes-də hər şeydən razıyam – o cümlədən ona görə ki, mənə yaradılan bütün imkanlara görə bu komandaya borclu qalmışam. Komanda mənə 12 yaşım olanda inanıb, inkişaf və böyümə yolumda məni dəstəkləyib və ümid edirəm ki, birlikdə böyük uğurlar qazana bilərik.
Sonrasını zaman göstərəcək. Heç nəyi istisna etmirəm, amma indi məqsədim Mercedes-lə mümkün qədər çox qələbə qazanmaqdır”.





