Karlos Sayns və Williams müqaviləni uzadıblar

Williams komandası 2027-ci il üçün sürücü heyətini təsdiqləyib: Aleks Əlbonla müqaviləni uzatdığını açıqladıqdan bir gün sonra komanda Karlos Saynsla yeni çoxillik müqavilə imzaladığını elan edib.

Ceyms Vaulz: “Karlos komandaya qoşulduğu gündən onun trasdakı istedadı və bazadakı fədakarlığı layihəmizin son dərəcə dəyərli tərkib hissələrinə çevrilib – o, hər millisaniyəni qazanmaq üçün mühəndisləri ilə gündən-günə çalışır. O bu komandanın lideridir və rəqabət qabiliyyətimizi bərpa etməyə davam etdikcə qarşımızda açılan perspektivləri gördüyünə görə çox şadam.

Təkcə onun yarış bacarığı və sürəti deyil, səmərəliliyi artırmaq üçün pərdəarxasında gördüyü iş də diqqət çəkir. Karlos Atlassian Williams F1 Team-də hamımızın bölüşdüyü dəyərləri və ambisiyaları paylaşır və onları reallığa çevirmək üçün hər gün əlindən gələni edir.

Mən hesab edirəm ki, Karlos və Aleks bugünkü Formula1-də ən yaxşı heyətlərdən biridir”.

Karlos Sayns: “Williams ailəsində yoluma davam edəcəyimi açıqlamaqdan məmnunam! Mən bu komandada çalışan insanlara – həm bazada, həm də trasda – səmimi qəlbdən inanıram, həmçinin pərdəarxasında qoyulan sərmayəyə və zəhmətə inanıram. Birlikdə vəziyyəti yaxşılığa doğru dəyişmək üçün bizdə lazım olan hər şey var.

Mən ilk günümdə olduğu kimi bu işə sadiqəm və Williams-ın layiq olduğu mövqelərə qayıtmasına kömək etməyə hazıram. Komanda ilə birlikdə yeni parlaq anları səbirsizliklə gözləyirəm”.

,