Formula1 Andretti Cadillac-ın müraciətini rədd edib

Formula1 Andretti Cadillac-ın 2025 və 2026-cı illərdə çempionatda iştirak ərizəsini rəsmən rədd edib. Bununla belə, Cadillac o vaxta qədər öz güc qurğusunu hazırlayıb inşa edərsə, komandanın hələ də 2028-ci il mövsümündə yarışmaq imkanı var.

F-1.az xəbər verir ki, bir neçə aylıq müzakirələrdən sonra Formula1 rəhbərliyi Andretti komandasının rəqabət səviyyəsində çıxış edə bilməyəcəyi qənaətinə gəlib. FOM hesab edir ki, yeni komanda Formula1-ə deyil, Maykl Andrettinin özünə daha çox fayda gətirəcək.

Formula1-in bəyanatında deyilir: “Müraciətin qiymətləndirilməsi zamanı müəyyən edilib ki, on birinci komandanın əlavə olunması özlüyündə çempionata fayda verməyəcək. Ərizəçinin rəqabətli iddiaçı olacağına inanmırıq.

Andretti adı Formula1 həvəskarları arasında müəyyən qədər tanınsa da, araşdırmalarımız göstərir ki, Andretti brendinə fayda verən Formula1-dir, əksinə deyil.

Əlavə on birinci komanda yarışın promouterlərinə əməliyyat yükünü artıracaq. Onlardan bəziləri xərclərin əhəmiyyətli artımını qəbul etməli, həmçinin digər iştirakçılar üçün texniki, əməliyyat və kommersiya imkanlarını azaltmalı olacaqlar.

Kommersiya dəyərinin əsas göstəricisi olan Formula1-in maliyyə nəticələrinə gözlənilən hər hansı əhəmiyyətli müsbət təsiri müəyyən edə bilmədik.

Mövcud olan ərizəyə əsasən, ərizəçinin onun görünüşünün çempionata dəyər qatacağını nümayiş etdirdiyinə inanmırıq. Buna əsasən belə qənaətə gəlirik ki, ərizəçinin iştirak ərizəsi təmin edilməməlidir”.

Formula1 açıq şəkildə göstərib ki, Maykl Andrettinin layihəsinin rədd edilməsinin digər səbəbi komandanın Cadillac brendi altında müştəri güc qurğusundan istifadə etmək niyyəti ilə bağlıdır. Çempionat yeni avtomobil istehsalçısının meydana çıxmasında maraqlıdır və əgər General Motors (GM) öz güc qurğusunu inkişaf etdirsə, bu, qərara yenidən baxılması üçün mühüm amil olacaq:

“Biz komandanın 2028-ci il mövsümü üçün GM güc qurğusu ilə müraciətinə fərqli baxa bilərik. Bu, ya GM zavod komandası, ya da bütün lazımi komponentləri öz daxilində inkişaf etdirəcək müştəri komandası ola bilər.

Bu halda, ərizəçinin çempionata gətirəcəyi dəyərin əlavə amillərini nəzərə almaq lazım gələcək. Xüsusilə idmana güc qurğusu təchizatçısı kimi nüfuzlu yeni avtomobil istehsalçısını gətirməklə”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*