FİA sürətli dövrəyə görə xal verilməsi təklifini dəstəkləyib

Dünən Cenevrədə baş tutan FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının toplantısında çempionatın gələcəyi üçün vacib olan bir çox qərarlar qəbul olunub: sürətli dövrəyə görə xalın verilməsi təklifi federasiya tərəfindən dəstək alıb.

F-1.az xatırladır ki, iki gün əvvəl bu təklifin toplantıda müzakirə olunacağı barədə yazmışdıq. Federasiyada təklifin müzakirəsi uzun sürməyib və müsbət qarşılanıb. Artıq bu mövsümdən cari reqlamentə dəyişikliyin edilməsi üçün təklif Strateji İşçi Qrupun üzvlərinin çoxunun və Formula1 Komissiyasının yekdil dəstəyini qazanmalıdır. Federasiya hər iki quruma bazar ertəsi elektron səsvermə keçirməyi tövsiyə edib – əldə olunan məlumata görə, səsvermə formal xarakter daşıyacaq.

Əgər reqlamentə dəyişikliyin edilməsi hər iki qurum tərəfindən lazımi dəstəyi alarsa, onda 2019-cu ildə sürətli dövrəyə imza atan sürücü və onun komandası bir xal qazanacaqlar: sadəcə bir şərtlə ki, sürücü yarışı ilk onluqda başa vurmalıdır (məqsəd ilk onluğa düşmək ümidini itirən sürücülərin son dövrələrdə təzə təkərlərə keçərək xal qazanmaq istəklərini dəf etməkdir). Əgər sürətli dövrəni ilk onluğa düşməyən sürücü göstərərsə, onda bu xal heç kimə verilməyəcək.

Bir daha xatırladaq ki, 1950-1959-cu illərdə çempionatda sürətli dövrəyə görə (finişdəki mövqeyindən asılı olmayaraq) bir xal verilirdi və 1958-ci ildə titulu Mayk Hotorna məhz sürətli dövrə qazandırmışdı.

Əgər sürətli dövrəyə görə bir xalın verilməsi davam etsəydi, indiyə qədər 5 mövsümdə titul fərqli sürücüyə qismət olardı: 1976-cı ildə Niki Lauda, 1979-cu ildə Jil Vilnöv, 1986-cı ildə Nelson Pike,  1988-ci ildə Alen Prost və 2008-ci ildə Felipe Massa cüzi fərqlə uduzduqları titulları sürətli dövrələri hesabına qazana bilərdilər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*