Fernando Alonso: “Gələn il reqlament, demək olar ki, dəyişməyəcək, buna görə də bizi nəyin gözlədiyini yaxşı anlayırıq. daxiliyanma mühərrikinin xeyrinə kiçik bir düzəliş olacaq, amma ümumilikdə hər şey əvvəlki kimi qalacaq. Ona görə də sonda qərar mənim özüm üçün davam etməyin nə dərəcədə maraqlı olacağından asılıdır.
Mən təzəcə tətildən qayıtmışam, buna görə də hələlik qərarın nə vaxt veriləcəyini deyə bilmirəm. Yaxın günlərdə, həftələrdə və aylarda hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Lourens Stroll bu mərhələyə gələcək, ona görə də mütləq nahar zamanı və ya bir fincan qəhvə arxasında danışacağıq. Ola bilsin, Monzada da görüşək.
Mənə tezliklə bazaya getmək lazım olacaq ki, Madriddəki yarışa hazırlıq çərçivəsində simulyatorda işləyim. Əgər Lourens və ya Edrian həmin vaxt bazada olsalar, hər şeyi müzakirə edəcəyik. Düşünürəm ki, yaxın həftələrdə vəziyyətə aydınlıq gələcək.
Formula1 həyatımın bir hissəsi olub, indi də belədir və həmişə də belə olacaq, mənim qəlbim bu idmana məxsusdur. Mən Aston Martin-də uzun müddət qalmağı planlaşdırıram, amma məsələ konkret hansı rolda olmağımdadır. Hazırda söhbət gələn il, yoxsa daha üç il çıxış edib-etməyəcəyimdən getmir. Lourens və Edrianla birlikdə komanda üçün nəyin daha yaxşı olacağını anlamalıyıq.
Əgər onların məhz sükan arxasında mənə ehtiyacı varsa, məmnuniyyətlə davam edərəm. Amma məlum olsa ki, başqa rolda daha çox fayda verə bilərəm, o variantı da nəzərdən keçirməyə hazıram”.





