F.Alonso: “Ferrari yenidən güclənəcək”

İspaniyalı sürücü köhnə komandasının yenidən güclənərək çempionluq uğrunda mübarizə aparacağına inanır.

F-1.az xatırladır ki, keçən mövsüm 3 yarışda qələbə qazanan Ferrari bu mövsümə çempionluq hədəfi ilə başlamışdı. Lakin mövsümün ilk hissəsi başa çatıb və geridə qalan 12 yarışda Ferrari bir dəfə də olsun, qalib gələ bilməyib. Mühəndislər kubokunda isə son yarışlarda Red Bull-dan da geri qalaraq 3-cü pilləyə düşüb.

Komandanın sabiq pilotu Fernando Alonso Ferrari-nin yenidən güclənəcəyini bildirib və komandadan doğru zamanda ayrıldığını bir daha təkrar edib: “Orada gözəl vaxt keçirdim. Birlikdə çempionluq üçün mübarizə apardıq. Çox güclü komanda idik. Amma 2015-ci ilin getmək üçün əsl vaxt olduğunu hiss etdim. Orada 6-cı və ya 7-ci ilimi keçirsəydim, Mercedes AMG pilotlarının gerisində olmağa davam edəcəkdim. Buna görə də komandanı tərk etdim.

Kənardan baxıb danışmaq rahatdır. Bu il keçən ilkindən daha güclü olduqlarını düşünürəm. Keçən il podiuma çox çıxırdılar, amma Mercedes AMG-dən 150 xal geri qaldılar.

Mercedes AMG ilə mübarizə aparmaq təkcə Ferrari üçün yox, hamı üçün çətindir. Gələn il reqlament dəyişilir, amma ən şanslı komanda yenə də onlardır. Bəlkə də yeni reqlament vəziyyəti bir qədər dəyişdirəcək. Mən Ferrari-nin güclü olacağına inanıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*