DTM. Circuito Monteblanco. Üçüncü və son gün

Artıq bildirdiyimiz kimi, uzun sürən qış tətilindən sonra DTM çempionatında iştirak edən üç alman şirkəti - Audi, BMW və Mercedes-Benz - mövsümöncəsi testlərə İspaniyanın cənubi-qərbində yerləşən Circuito Monteblanco yarış trekində başlamışdılar. İlk iki gündə komandalar, qəbul edilmiş iş planına əsasən, yeni mövsümdə çıxış edəcək texnikanın hazırlığını yoxlamışdılar. Əvvələr də xəbər verdiyimiz kimi, üç günlük testlərin ilk iki günündə İnqolştat konsernini təmsil edən isveçlı pilot Mattias Ekstrem testlərin cədvəlinə başçılıq etmişdi.

F-1.az Autograph.az saytına istinadən bildirir ki, ilk iki gün ərzində pilotlar texnikanın davamlılığını yoxlamaq üçün uzun məsafələrdə sınaqlar aparmışdılar. Bu testlər zamanı ən çox problemlərlə üzləşən komanda Ştutqart təmsilçisi Mercedes-Benz şirkətinin komandası olmuşdu.

İkinci gün testlərə qoşulmuş Mercedes-AMG C63 DTM avtomobilinin pilotu britaniyalı Qəri Paffett texniki problemlərlə üzləşmişdi. Britaliyalı pilot üçüncü və testlərin sonuncu günündə daha məhsuldar işləməyi planlaşdırsa da, texniki problemlər ondan yan keçməyib.

Nəticədə, səhər problemlər yaşayan Paffett günortadan sonra 41 dövrə vuraraq 1:22,415 dəqiqə vaxtla günü sonuncu yerdə tamamlamağa məcbur olub.

Testlərin son və üçüncü günü Münhen təmsilçisinin komandasında dəyişiklik baş verib – iki gün testlərdə işləmiş Marko Vittmannı və Bruno Spenqleri Timo Qlok və Auqusto Farfuş əvəz edib. Günün ən yaxşı nəticəsini BMW komandasının alman pilotu Timo Qlok göstərib – 1:21,311 dəqiqə. Bu nəticəni əldə etmək üçün keçmiş F1 pilotu 137 dövrə vurmalı olub. Ümumilikdə, Qlokun göstərdiyi nəticə üçgünlük testlər zamanı qeydə alınmış ən yaxşı nəticə olub. Üçüncü günün protokolunun ikinci sətrində ilk iki günün qalibi Mattias Ekstrem yer alıb.
Audi komandasının isveçli pilotu 114 dövrə vuraraq 1:21,929 dəqiqə nəticə ilə günü tamamlayıb. Üçüncü sətri isə 1:21,932 dəqiqə ilə Mercedes-Benz komandasının şotland pilotu Pol di Resta (104 dövrə) zəbt edib.

Testlərin son günü 3357 metrlik trekdə ən uzun məsafəni qət edən BMW komandasının braziliyalı pilotu Auqusto Farfuş olub. Bunula belə, Farfuş ancaq Paffetti üstələyə bilib. Braziliyalı sonda öz hesabına beşinci nəticəni yazıb. Sonuncu günün dördüncü nəticəsini isə Audi pilotu Ceymi Qrin əldə edib.

Üçgünlük testlərin nəticələrinin təhlili komandaların bir-birinə çox yaxın olduğunu göstərir. Mercedes-Benz komandasının mövsümə tam yeni avtomobillə başladığını nəzərə alsaq, Ştutqart komandasının Bavariyadan olan rəqiblərindən bir qədər geri qalması anlaşlandır.

Yeni texnika problemlər yaratmaqda davam edir ki, bu da təbii haldır. Bunlara baxmayaraq, Mercedes-Benz komandasını hesablardan silmək çox tezdir. Ştutqartlı mütəxəsssilər yaranmış texniki problemlərin öhdəsindən gəlmək iqtidarındadırlar ki, bunun da keçən mövsümdə şahidi olmuşuq.

Komandalar arasında real vəziyyəti öyrənmək üçün aprel ayının 5-8 tarixlərində Hokkenhaymda İTR (Internationale Tourenwagen Rennen – Beynəlxalq Turinq Yarışlar birliyi) tərəfindən keçiriləcək geniş həcmli testlərin nəticələrini gözləmək gərəkdir.

Mənbə: AutoGraph.az
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*