Audi şirkətinin rəhbəri Gernot Döllner hesab edir ki, əvvəlcə düzgün qərar qəbul olunub – komandaya tam müstəqillik verilib və onun işinə minimum müdaxilə olunub. Bu kontekstdə Audi AG-nin icraçı direktoru ilin sonunda istehsalına başlanacaq yeni superkar – Nuvolari modeli barədə də bir neçə söz deyib.
“Nuvolari superkarı da bu layihənin hazırlanması baxımından böyük sərbəstlik verilmiş kollektiv tərəfindən yaradılıb, – deyə Motorsport Magazin nəşri Döllnerdən sitat gətirib. – Onun yaradıcıları öz fəaliyyətlərini rəhbərliklə yalnız ən vacib strateji məqamları müəyyənləşdirmək lazım gələndə əlaqələndiriblər.
Formula1 komandamızla əməkdaşlıq da məhz belə tam qarşılıqlı anlaşma ilə seçilir. Mənim elə yarış komandaları ilə iş təcrübəm olub ki, onlar hər bazar ertəsi növbəti yarışların necə keçdiyi barədə direktorlar şurasına hesabat verməli olublar. Bunun heç kimə faydası olmayıb, sadəcə vaxt itirmişik…
Mən rəhbər rolumu başqa cür anlayıram. Mattia Binotto və Alan MakNiş nə etmək lazım olduğunu özləri bilirlər, amma hansısa təyinatlarla və ya komandaya böyük investisiyalarla bağlı razılaşdırılmış qərar qəbul etmək lazım gələndə mən də prosesə qoşuluram.
Mattia proqramımıza qoşulanda biz onunla birlikdə əsas hədəfləri müəyyənləşdirmişik: həmin hədəflərə 2030-cu ilə qədər çatılmalıdır. Söz verə bilərəm ki, biz məhz bu plana əməl edəcəyik.
Başa düşürük ki, bu yolda bizi uğursuzluqlar da gözləyir, amma ən vacibi odur ki, komandanın qarşısında aydın məqsəd dayanıb və biz ona doğru irəliləyəcəyik. Dördillik proqramımız nəzərdə tutur ki, 2030-cu ildə dünya çempionatında qələbə uğrunda mübarizə aparmalıyıq”.





