Amma bütün bunlar Mercedes-in sürücüsü Corcun Rassellin ikinci sessiyanın protokoluna başçılıq etməsinə mane olmayıb. Onun komanda yoldaşı Kimi Antonelli isə 8-ci nəticəni göstərib.
Corc Rassell: “Bilirk ki, yaş trasda hər növbəti dövrədə və hər növbəti sessiyada vəziyyət dəyişir. Yəqin ki, əslində bu gün ən sürətli biz deyildik – görünür, McLaren olduqca sürətlidir. Həmçinin Şarl Lekler də bəzi anlarda yaxşı temp göstərirdi, amma bizə sadəcə, tras artıq qurumağa başlayanda dövrə vurmaq nəsib oldu, Lando Norris isə bokslarda qaldı.
Bir sıra məqamlar var ki, onları araşdırmalıyıq. Çünki Braziliyada yaş trasda kifayət qədər rəqabətədavamlı idik, amma bu gün eyni şəraitdə həm mənə, həm də komanda yoldaşım Kimi Antonelliyə temp çatmırdı.
Sabah bizi çox iş gözləyir, çünki hələlik heç kim bazar günü yarışında təkərlərin qranullaşmasının necə olacağını bilmir. Keçən il məsafəni rahatlıqla bir pit-stopla qət etmək mümkün idi, amma iki il əvvəl təkərlər ciddi qranullaşırdı və iki pit-stop lazım gəlmişdi. Görünür, bu yalnız yarışın gedişində aydınlaşacaq.
Hər halda, əhvalım nikbindir. Əvvəlki iki yarışda Mercedes maşınları ön cərgədən start alıb, üstəlik Las Veqasda tras mənim xoşuma gəlir, buna görə ümid edirəm ki, bu həftəsonu yaxşı çıxış edə biləcəyik”.
Kimi Antonelli: “Qəribə gün idi, çünki hava şəraitinə görə ilk sessiyada trasda demək olar ki, işləmədik, amma ikinci məşqin nəticələrini də tam reprezentativ saymaq olmaz. Bütün bunlara görə lazım olan ritmi tapmaq asan deyildi.
Bununla belə, bir sıra tapşırıqları yerinə yetirə bildik, amma axşam məşğul olacağımız suallar da qalıb. Keçid təkərlərində istədiyimiz qədər rəqabətədavamlı deyildik və hətta bu məlumat həftəsonunun qalan günlərində işə yaramasa belə, bunu araşdırmaq faydalı olardı.
Əgər hava quru qalsa, sabah bizi tamam fərqli gün gözləyir və 3-cü sərbəst yürüşün əhəmiyyəti artacaq. Sükan arxasında rahat hisslər tapmaq və təkərləri anlamaq üçün trasda mümkün qədər çox işləməyə çalışmaq lazımdır, xüsusən də nəzərə alsaq ki, bu gün hamı o qədər də çox məlumat toplaya bilməyib. Bununla belə, əhvalım müsbətdir. Son vaxtlar maşın özünü pis göstərmirdi və ümid edirəm ki, sıralanma turuna yaxşı hazırlaşmaq üçün üçüncü məşqdə məhsuldar işləyə biləcəyik”.





