Pirelli-nin baş mühəndisi Simone Berra: “Hava şəraiti trasda işi məhdudlaşdırıb və həftəsonunun qalan hissəsinə hazırlıq baxımından bugünkü məşqlər xüsusilə faydalı olmayıb.
Birinci sessiya zamanı trasda çoxlu dayanmış su olub və komandalar yalnız quraşdırma dövrələri vura biliblər. İkinci sessiya ərzində trasın vəziyyəti tədricən yaxşılaşıb, amma asfalt çox ləng quruyub.
Məşqin əvvəlində hamı güclü yağış üçün nəzərdə tutulmuş təkərlərlə hərəkət edib, daha sonra komandalar keçid təkərlərinə keçiblər. Hətta keçid mərhələsində də qranullaşma əlamətləri müşahidə olunmayıb.
Yarış trayektoriyası quruduqca, keçid təkərlərinin yeyilməsi qaçılmaz olaraq artıb, xüsusən də sessiyanın sonuna yaxın, ideal trayektoriya artıq demək olar ki, tam quruyanda. Amma sliklərə keçid imkanı yaranmayıb, çünki trasın bəzi hissələri, o cümlədən asfalt üzərində yol nişanlanmasının çəkildiyi yerlər yaş qalıb.
Belə şəraitdə bu yerlər xüsusilə sürüşkən olub, aşağı temperatur isə slikləri lazım olan işçi diapazona tez qızdırmağı çətinləşdirib.
Proqnoz nə sıralanma turu, nə də yarış zamanı yağış vəd etmədiyi üçün trasda ən vacib iş, çox güman ki, artıq şənbə günü başlayacaq. Həmin vaxt komandalar sazlamalar üzərində işə fokuslana biləcək və taktika seçimini müəyyənləşdirməyə imkan verəcək daha çox faydalı məlumat toplayacaqlar.
Bu baxımdan günün sonunda hansı təkər dəstlərinin geri qaytarılacağına baxmaq maraqlı olacaq, çünki bu, bazar günkü yarışda komandaların taktikası barədə ilkin təsəvvür formalaşdırmağa imkan verəcək”.





