Azərbaycan Qran Prisi üçün könüllülərin qəbuluna start verilib

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti iyunun ilk günlərində keçiriləcək növbəti Azərbaycan Qran Prisinin təşkilatçılığında yer alacaq könüllülərin qəbuluna başlayıb.

Qurumdan F-1.az-a bildirilib ki, paytaxt Bakıda sayca 5-ci dəfə baş tutacaq Formula1 yarışının könüllüsü olmaq istəyənlər bu keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Bu il Könüllülük Proqramına ümumilikdə 1500 könüllünün qəbulu nəzərdə tutulub və mövcud tələbatın çoxluğu səbəbindən qeydiyyat prosesinin qısa müddət ərzində başa çatacağı gözlənilir. Bir sıra yeniliklərin nəzərdə tutulduğu builki qəbul zamanı yarışın könüllüsü olmaq istəyən bütün namizədlərin elektron müraciət zamanı doldurduqları anketlər ətraflı şəkildə incələnəcək və yalnız tələblərə tam cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar.

Digər tərəfdən, qlobal koronavirus pandemiyası ilə əlaqədar keçən il baş tutmayan yarışın Könüllülük Proqramına qoşulmuş, müsahibə və təlimlərdə iştirak etmiş bütün namizədlər də builki yarışda könüllü olmaq üçün yenidən qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, Könüllülük Proqramına müraciət üçün azı 16 yaşında olmaq, ingilis dilini bilmək və böyük həvəs tələb olunur. Proqrama marağın hər il artması və həmçinin yerlərin məhdud sayda olması səbəbindən seçim zamanı ən yüksək göstəricilərə malik namizədlərə üstünlük veriləcək.

Seçim prosesinin bütün mərhələlərindən uğurla keçərək yarışın könüllüsü adına yiyələnənlər insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcəklər.

Proqram haqqında daha ətraflı məlumatı (012) 404 13 83 nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Könüllülük Proqramına dair yeniliklərdən anında xəbərdar olmaq üçün sosial media səhifələrimizi izləməyinizi tövsiyə edirik:

https://www.facebook.com/BakuVolunteers/

https://www.instagram.com/bakucitycircuit/

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*