11 Dekabr 2018, Çərşənbə axşamı - 19:51

Azərbaycan-2018: Cümə axşamı, paddok, 26.04.2018

Azərbaycan-2018: Cümə axşamı, paddok, 26.04.2018

Müəllif: Elçin Zodorov, redaktor

21:14 - 26 Aprel, 2018

Bakı üçüncü dəfə Formula1-ə ev sahibliyi edir. Artıq yarış həftəsi gəlib çatıb. Yarışların mərkəzi isə heç şübhəsiz ki, paddok ərazisidir. Burada çempionatdakı bütün simaları görmək mümkündür. Burada bir çox şey danışılır, bir çox məsələ məhz burada həll olunur. F-1.az keçənilki rubrikasını davam etdirir və bazar gününə qədər paddokda gördüklərimizi sizə çatdıracağıq.

Bu iki komandanın boksları yanaşıdır, builki mübarizələrini də başabaş saymaq olar. Düzdür, Ferrari ilk üç yarışda bir qədər güclü görünürdü, lakin mövsüm hələ uzundur və hər şey baş verə bilər. Mövsümiçi inkişaf əsas rolu oynayacaq. Hansı ki, bu sahədə Ferrari-ni heç də ideal saya bilmərik…

Mercedes turbo motorlara keçiddən sonra ilk dəfədir ki, mövsümün ilk üç yarışında qalib gələ bilmir. Həmiltonun son qələbəsindən isə artıq yarım il keçib. Bakı Şəhər Halqası “Gümüş oxlar” üçün ideal trasdır. Bu sindroma son qoya biləcəklər? Həmilton Bakıdakı uğursuzluqlarından qurtula biləcək?

 

Hamı bu il Renault-dan çox şey gözləyirdi. Düzdür, komanda keçənilkindən daha yaxşı vəziyyətdədir və maşın orta qrupda lider olmağa imkan verir. Lakin eyni motordan istifadə edən Red Bull-a çatmalarına hələ çox var. Karlos Sayns da Renault-ya gələrkən hamı onu həmyerlisi Fernando Alonsoya bənzətmişdi. Çoxları onun da Fernando kimi məhz Renault-da titul qazanacağını düşünür.

Bəs Bakı Şəhər Halqasının uzun düzlükləri Saynsın yaxşı yer tutmasına imkan verəcək? Bakıda baş tutan əvvəlki yarışların hər ikisində podiuma orta qrup komandalarından bir nəfər yüksələ bilib. Bəlkə də bu dəfə ənənəni Sayns davam etdirər.

 

McLaren-dən nə danışasan… Uğursuzluqlar üç il Honda-nın ayağına yazıldı, hamı da elə təəssurat yarandı ki, başqa mühərrik olsa “uçacaqlar”. Budur, Red Bull-a qələbə qazandıra bilən Renault motoruna keçiblər, lakin ilk 3 yarışın sıralanma turlarında son sessiyaya keçə bilməyiblər. Qazanılan xallar isə Fernandonun təcrübəsi və irəlidəki sürücülərin yarışı tamamlaya bilməməsi hesabınadır. Real mübarizədə ilk onluğa düşmək çətin görünür.

Vandorn ikinci ildir ki, təcrübəli komanda yoldaşına xeyli uduzur. Aşağı seriyada möhtəşəm nəticələr əldə edən belçikalından gözləntilər daha çox idi. Bəlkə də növbəti illərdə biz ondan sürprizlər görəcəyik.

 

Bu il Sauber rəqibləri ilə fərqi azaldıb ya yox – demək çətindir. Amma Formula1-in “daydaylı” sürücülərindən olan Markus Eriksson 2.5 illik fasilədən sonra ilk xallarını qazana bilib. Aydın məsələdir – jurnalistlər ona başqa komandaya keçid imkanları barədə sual vermirlər. Yəqin ki, komandakı vəziyyət müzakirə olunur.

Komanda yoldaşı Şarl Lekler də deyəsən hələ Formula1-ə tam alışa bilməyib. Adaptasiya dövrünü keçdikdən sonra Erikssonu üstələyərsə, isveçli barədə komanda nə qərar verəcək, maraqlıdır…

Biz hər gün daha genişhəcmli yazılarla qarşınızda olacağıq. Azərbaycan Qran Prisinin nəticəsi bazar günü məhz bu şəkildəki işıqforun qırmızı işıqları söndükdən ən gec 2 saat sonra aydın olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 302
Teqlər ,
Paylaş

logo