“City” adlanan yeni tribuna Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Tribunanın unikal yerləşməsi azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləmək imkanı verəcək.
Yeni tribunanın istifadəyə verilməsi ilə BŞH-də tribunaların ümumi tamaşaçı tutumu 21 mini keçib.
Yerli və xarici azarkeşlərin Azərbaycan Qran Prisinə ildən-ilə artan marağı nəzərə alınaraq, infrastrukturun genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son üç il ərzində dörd yeni tribuna quraşdırılıb, tribunaların ümumi tutumu isə 6 mindən çox yer artırılıb.
Qeyd edək ki, 2025-ci ildə keçirilən Azərbaycan Qran Prisinin yarış həftəsonu ərzində ümumilikdə 90 mindən çox iştirakçı qeydə alınıb.
Hazırda BŞH-də builki yarışla əlaqədar tribunaların quraşdırılması üzrə işlər son mərhələdədir. Xatırladaq ki, builki yarış 24-26 sentyabr tarixlərində keçiriləcək.





