Testlərdən sonra komandaların real güc nisbətini dəqiq anlamaq mümkün olmayıb, üstəlik yeni reqlament hamını yenidən hesablamalar aparmağa məcbur edib. Həftəsonu ərzində bir məqam da aydınlaşıb: bəzi komandalar uyğunlaşmağın yollarını tez tapıb, bəziləri isə mövsümün ilk yarışına ciddi çətinliklərlə gəlib. Albert Park tribunaları demək olar ki, tam dolub, həftəsonu üzrə ümumi tamaşaçı sayı yarım milyona yaxınlaşıb.
Cümə məşqlərində ən sürətli nəticəni Oskar Piastri göstərib, amma əsas diqqət şənbə gününə yönəlib. Son məşqdə Kimi Antonelli qəza yaşayıb, buna baxmayaraq Mercedes-n qarşısını almaq mümkün olmayıb. Əksinə, Corc Rassell lazım olan sazlanmanı tapıb və sıralanma turunda üstünlüyünü təsdiqləyib. Britaniyalı sürücü karyerasının səkkizinci poulunu qazanıb, Antonelli isə mexaniklərin qısa zamanda bərpa etdiyi boliddə ikinci yerə yüksəlib. Beləliklə, Mercedes mövsümə start düzümündə ön cərgəni tam nəzarətə götürərək başlayıb.
Sıralanma turunun ən böyük sürprizlərindən biri Maks Ferstappenin ilk sessiyada qəza etməsi olub. O, nəticədə yarışa 20-ci yerdən dən başlamağa məcbur olub. Start düzülüşündə ikinci sıra Ayzek Həcərlə Şarl Leklerə qismət olub, üçüncü sırada isə Oskar Piastri və Lando Norris yer alıb. Amma startdan əvvəl McLaren üçün vəziyyət birdən-birə dəyişib: Piastri pit yolundan çıxış dövrəsində qəza edib və ev yarışına ümumiyyətlə başlaya bilməyib. Audi sürücüsü Niko Hülkenberq də texniki problemə görə start ala bilməyib.
Yarışın startı isə gözlənildiyi kimi sakit keçməyib. Lekler ilk metrlərdə Rasselli geridə qoyaraq liderliyə yüksəlib. Antonelli xeyli yer itirib, Həmilton və digərləri isə irəliləməyə nail olublar. İlk dövrələrdə əsas mübarizə məhz Leklerlə Rassell arasında yaşanıb. Mercedes sürücüsü bir neçə dəfə hücum edib, hətta 8-ci dövrədə önə keçib, amma Ferrari pilotu dərhal cavab verib və liderliyi geri alıb. Bu mərhələdə Həmilton da ön cərgənin tempi ilə ayaqlaşaraq mübarizəyə qoşulub.
Yarışın gedişinə ilk ciddi təsir edən hadisə Həcərin bolidində yaranan problem olub. Onun maşını tüstülənərək yolda qalıb və Virtual Təhlükəsizlik Maşını (VTM) rejimi elan olunub. Bəzi sürücülər bundan istifadə edib pit-stop edib, amma Lekler, Həmilton, Ferstappen və daha bir neçə pilot trasda qalmağı seçib. Bir qədər sonra Bottasın dayanması növbəti VTM rejiminə səbəb olub. Beləcə strategiyalar parçalanıb və yarış təkcə temp yox, taktika savaşına da çevrilib. Ferrari uzun müddət pitə girməyən yeganə komanda kimi diqqət çəkib.
Bu qarışıq fonda Antonelli tədricən özünə gəlib və itirdiyi yerləri geri qazanmağa başlayıb. Gənc italiyalı ilk dövrələrdə geriyə düşsə də, sonradan yenidən ön qrupa yaxınlaşıb. Ferstappen də arxa sıralardan yüksələrək xal zonasına daxil olub. Yarışın orta hissəsində Rassell nəhayət ümumi mənzərəni öz xeyrinə çevirə bilib. Leklerin pit-stopundan və Həmiltonun da boksa yönəlməsindən sonra Mercedes sürücüsü liderliyi ələ alıb. 30-cu dövrəyə gəldikdə ilk üçlük artıq Rassell, Antonelli və Lekler şəklində formalaşıb.
Son bölümlərdə Mercedes üstünlüyünü itirməyib. Daha bir VTM rejimi və müxtəlif pit-stoplara baxmayaraq Rassell yarışa nəzarəti özündə saxlayıb. Antonelli də arxada mövqeyini qoruyub və komandasına dubl qazandırıb. Lekler finişə üçüncü çatıb, son dövrələrdə onunla fərqi azaldan Həmilton dördüncü olub. Norris beşinci, Ferstappen isə son sıralardan yüksələrək altıncı yeri tutub. Yarışın ən sürətli dövrəsi də Ferstappenin adına yazılıb.
Beləliklə, 2026 mövsümünün ilk yarışı Mercedes-in tam üstünlüyü ilə yekunlaşıb. Corc Rassell karyerasında altıncı qələbəsini qazanıb, Kimi Antonelli isə ikinci yerlə ən yaxşı nəticəsini təkrarlayıb. Lekler Ferrari-yə podium gətirib. Lyuis Həmilton isə Ferrari ilə uğursuz podiumsuz yarış seriyasını davam etdirib. Debütant Arvid Lindblad ilk yarışında xal qazanıb, Qabriel Bortoleto isə Audi-yə komandanın ilk yarışında xallar bəxş edib.
Mövsümə ən güclü başlanğıcı edən tərəf aydındır. Bəs Mercedes bu üstünlüyünü davam etdirə biləcək? Bu suala cavabı gələn həftəsonu Çində tapacağıq.
| S | # | Sürücü | Komanda | Nəticə | Pit |
| 1 | 63 | Corc Rassell | Mercedes | 1:23:06.801 | 1 |
| 2 | 12 | Kimi Antonelli | Mercedes | +2.974 | 1 |
| 3 | 16 | Şarl Lekler | Ferrari | +15.519 | 1 |
| 4 | 44 | Lyuis Həmilton | Ferrari | +16.144 | 1 |
| 5 | 1 | Lando Norris | McLaren | +51.741 | 2 |
| 6 | 3 | Maks Ferstappen | Red Bull | +54.617 | 2 |
| 7 | 87 | Oliver Berman | Haas | +1 dövrə | 1 |
| 8 | 41 | Arvid Lindblad | Racing Bulls | +1 dövrə | 1 |
| 9 | 5 | Qabriel Bortoleto | Audi | +1 dövrə | 2 |
| 10 | 10 | Pyer Qasli | Alpine | +1 dövrə | 1 |
| 11 | 31 | Esteban Okon | Haas | +1 dövrə | 1 |
| 12 | 23 | Aleksander Elbon | Williams | +1 dövrə | 2 |
| 13 | 30 | Lyam Louson | Racing Bulls | +1 dövrə | 2 |
| 14 | 43 | Franko Kolapinto | Alpine | +2 dövrə | 2 |
| 15 | 55 | Karlos Sayns | Williams | +2 dövrə | 3 |
| 16 | 11 | Serxio Peres | Cadillac | +3 dövrə | 2 |
Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:22.091 (43-cü dövrə, 231.460 km/saat).
Finiş görməyən sürücülər
| Sürücü | Komanda | Dövrə | Səbəb |
| Ləns Stroll | Aston Martin | 43 | mexaniki problem |
| Fernando Alonso | Aston Martin | 21 | mexaniki problem |
| Valtteri Bottas | Cadillac | 15 | mexaniki problem |
| Ayzek Həcər | Red Bull | 10 | güc qurğusu |
| Niko Hülkenberq | Audi | – | mexaniki problem/start almayıb |
| Oskar Piastri | McLaren | – | qəza/start almayıb |
Sürücülər çempionatı
| S | # | Sürücü | Ölkə | Komanda | Xal |
| 1 | 63 | Corc Rassell | ![]() |
Mercedes-AMG PETRONAS F1 Team | 25 |
| 2 | 12 | Kimi Antonelli | ![]() |
Mercedes-AMG PETRONAS F1 Team | 18 |
| 3 | 16 | Şarl Lekler | ![]() |
Scuderia Ferrari HP | 15 |
| 4 | 44 | Lyuis Həmilton | ![]() |
Scuderia Ferrari HP | 12 |
| 5 | 1 | Lando Norris | ![]() |
McLaren Mastercard F1 Team | 10 |
| 6 | 3 | Maks Ferstappen | ![]() |
Oracle Red Bull Racing | 8 |
| 7 | 87 | Oliver Berman | ![]() |
TGR Haas F1 Team | 6 |
| 8 | 41 | Arvid Lindblad | ![]() |
Visa Cash App Racing Bulls F1 Team | 4 |
| 9 | 5 | Qabriel Bortoleto | ![]() |
Audi Revolut F1 Team | 2 |
| 10 | 10 | Pyer Qasli | ![]() |
BWT Alpine F1 Team | 1 |
Mühəndislər Kuboku
| S | Komanda | Mühərrik | Xal |
| 1 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 43 |
| 2 | Scuderia Ferrari HP | Ferrari | 27 |
| 3 | McLaren Mastercard F1 Team | Mercedes | 10 |
| 4 | Oracle Red Bull Racing | Red Bull Ford | 8 |
| 5 | TGR Haas F1 Team | Ferrari | 6 |
| 6 | Visa Cash App Racing Bulls F1 Team | Red Bull Ford | 4 |
| 7 | Audi Revolut F1 Team | Audi | 2 |
| 8 | BWT Alpine F1 Team | Mercedes | 1 |











