Türkiyə-2020: Yarış

İstanbul Park bir çoxlarının sevimli trasıdır və buradakı yarış maraqla gözlənilirdi. Lakin çox vacib olmamasına baxmayaraq, yarışa 2 həftə qalmış trasa yeni asfalt qatının çəkilməsi, soyuq noyabr havası və Pirelli-nin gətirdiyi ən sərt təkərlər sürücülərin işini olduqca çətinləşdirib.

F-1.az xatırladır ki, ilk sessiyada hətta ən yaxşı nəticə trasın rekorduna 10 saniyə uduzub. Dünən və bu gün baş tutan hər 3 sərbəst yürüşlərdə protokollara Maks Ferstappen başçılıq edib. Niderlandlı sürücü sıralanma turunun ilk iki sessiyasında da hamıdan sürətli olub, lakin poulu onu üstələyən Ləns Stroll əldə edib.

Pirelli buraya ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Təchizatçının bu seçimini sürüşkən asfalt üçün heç də uğurlu adlandırmaq olmaz.

Stroll və Ferstappen birinci, Peres və Elbon ikinci, Rikkardo və Həmilton üçüncü cərgədən start alıblar. Dörd sürücü – Norris, Sayns, Qasli və Rassell startda yer itirməklə cəzalandırılıblar.

Düzülüş üçün boksdan ayrılan Covinatsi və Rassell qəza ediblər və boksa qayıdıblar. Antonio start düzlüyündəki yerini alıb, hər iki Williams sürücüsü yarışa keçid təkərlərlə pit yolundan başlayıblar.

İşıqlar sönüb və Stroll yerini qoruya bilib. Yarışa çox pis başlayan Ferstappen xeyli yer itirib. Rikkardo ilə təmas edən Okon yerində fırlanıb, Bottas da onunla təmas etməmək üçün yarışboyu edəcəyi bir çox yerində fırlanmalardan ilkinə imza atıb. Lekler 15-ci yerə qədər geriləyib. Həmilton səhvə yol verərək Fettel, Ferstappen və Elbona keçilib. 2-ci dövrədən sonra ilk onluq: Stroll – Peres – Fettel – Ferstappen – Elbon – Həmilton – Rikkardo – Rəykkönen – Sayns – Maqnussen.

Ferestappenin Fettelə hücum cəhdləri nəticə verməyib. Sayns 5-ci dövrədə Rikkardonu keçib. Lekler 7-ci dövrədə pit-stop edərək yaşıl təkərlərə keçib və növbəti dövrələrdə trasda ən sürətlilərdən olub. Eyni addımı 8-ci dövrədə Bottas, 9-cu dövrədə Fettel, Həmilton, Rikkardo, Maqnussen, Covinatsi, Kvyat, Qrojan, 10-cu dövrədə Stroll, Latifi, Norris, 11-ci dövrədə Peres, Rikkardo, Sayns, Qasli, Okon, növbəti 2 dövrədə isə Ferstappen və Elbon atıblar.

Covinatsi 13-cü dövrədə ötürmələr qutusundakı problemə görə dayanmalı olub. Maşının təxliyəsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Yaşıl bayraqlardan sonra Fettelə hücumlar etməyə çalışan Həmilton Elbona keçilib. Elbon Fetteli də üstələyib və onlardan uzaqlaşıb. Ferstappen 18-ci dövrədə Peresə təhlükəli hücum edib, nəticədə 2 dəfə yerində fırlanaraq xeyli vaxt itirib. Təkərlərini dəyişməyə yollanan Maks keçid təkərlərlə trasa qayıdarkən pit yolunun çıxışındakı ağ zolağı maşın sürüşdüyü üçün tapdalamalı olub.

Bottas yerində fırlanaraq 3 yer itirb və 17-ciliyə düşüb. 20-ci dövrədən sonra ilk onluq: Stroll – Peres – Elbon – Fettel – Həmilton – Rikkardo – Sayns – Ferstappen – Lekler – Maqnussen.

Norris 3 dövrə ərzində əvvəlcə Rasselli, daha sonra isə Maqnusseni üstələyərək 10-cu yerə yüksəlib. 30-cu dövrədə DRS-dən istifadəyə icazə verilib. Bu da daha sıx mübarizələrə səbəb olub. Sürücülər mümkün qədər çox məsafə qət etməyə çalışıblar ki, birbaşa sliklərə keçə bilsinlər, lakin asfalt həddən artıq ləng quruyub. Növbəti dövrədə Rəykkönen və Lekler təkərlərini yeniləyiblər.

33-cü dövrədə Sayns Rikkardonu keçərək 6-cı olub, Daniel dərhal pit-stopa yollanıb. Fetteli pit-stopda ləngidiblər. Elbon 4-cü döngənin çıxışında səhvə yol verərək Həmiltonu irəli buraxmalı olub. Maqnussen pit-stopdan sonra dayanma əmri alıb, onun sol arxa təkərinin yaxşı bərkidildiyinə əmin olmadıqları üçün geri qaytarıblar. Peres sürətini itirən Stroll ilə fərqi bağlayıb, kanadalı sürücü pit-stop üçün çağırılıb, trasa 4-cü yerdə qayıdıb. Həmilton 37-ci dövrədə liderlik uğrunda Peresi keçib və ondan sürətlə uzaqlaşıb.

Stroll itirdiyi tempi bərpa edə bilməyib, 40-cı dövrədə hər iki Ferrari sürücüsü tərəfindən keçilib. Şarl növbəti dövrədə komanda yoldaşını da üstələyərək 4-cü olub. Stroll isə bu dəfə də Saynsdan geri qalıb. 42-ci dövrədən sonra ilk onluq: Həmilton – Peres – Ferstappen – Lekler – Fettel – Elbon – Sayns – Stroll – Rikkardo – Norris.

43-cü dövrədə yarış Latifi üçün başa çatıb. Lekler 44-cü dövrədə Ferstappeni keçib, Maks pit-stopa yollanıb. Sayns 45-ci dövrədə Elbonu qabaqlayıb. Bir qədər sonra isə Həmilton komanda yoldaşını bir dövrə qabaqlayıb. Bottas bir dövrə sonra Qasliyə keçilib və təkərlərini dəyişdirmək qərarına gəlib.

Norris 49-cu dövrədə gələcək komanda yoldaşı Rikkardonu keçib, Daniel yerində fırlansa da, yoluna davam edib. Elbon Rəykkönenin yerində fırlanan maşını ilə toqquşmamaq üçün sürətini qəfil azaldıb, onunla təmasdan qaçan Maks da yerində fırlanmalı olub. Qrojan 52-ci dövrədə mübarizəni dayandırıb. Maks 1 dövrə sonra Elbonu keçərək 6-cı olub. Norris isə 56-cı dövrədə Strollu də üstələyərək 8-ci olub.

Yarışın son anlarında Lekler Peresi ötərək ikinci olmaq şansından yararlanmağa çalışarkən səhvə yol verib və Fettel tərəfindən keçilərək podiumdan məhrum olub.

Beləliklə, Lyuis Həmilton mövsümdə 10-cu, karyerasında isə 94-cü qələbəsini əldə edib. Britaniyalı sürücü eyni zamanda 7-ci titulunu da rəsmiləşdirərək əfsanəvi Mixael Şumaxerin rekorduna şərik olub.

Serxio Peres mövsümdə ilk podiumunu əldə edib, həm də karyerasında ən yaxşı nəticə olan ikinciliyi təkrarlayıb. Sebastian Fettel də mövsümdə ilk podiumunu qazanıb.

Racing Point çempionatda üçüncü yerə yüksəlib, bu yarışda ən çox xal toplayan komanda isə Ferrari olub.

Mübarizə iki həftə sonra Bəhreyndə davam edəcək.

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:42.19.313 1
2 11 Serxio Peres Racing Point + 0:31.633 1
3 5 Sebastyan Fettel Ferrari + 0:31.960 2
4 16 Şarl Lekler Ferrari + 0:33.858 2
5 55 Karlos Sayns McLaren + 0:34.363 2
6 33 Maks Ferstappen Red Bull + 0:44.873 3
7 23 Aleksander Elbon Red Bull + 0:46.484 2
8 4 Lando Norris McLaren + 1:11.259 2
9 18 Ləns Stroll Racing Point + 01:12.353 2
10 3 Daniel Rikkardo Renault + 1:35.460 2
11 31 Esteban Okon Renault +1 dövrə 2
12 26 Daniil Kvyat AlphaTauri +1 dövrə 1
13 10 Pyer Qasli AlphaTauri +1 dövrə 2
14 77 Valtteri Bottas Mercedes AMG +1 dövrə 2
15 7 Kimi Rəykkönen Alfa Romeo +1 dövrə 3
16 63 Corc Rassell Williams +1 dövrə 2
17 20 Kevin Maqnussen Haas +1 dövrə 3

 

Sürətli dövrə: Lando Norris (McLaren) – 1:36.806 (58-ci dövrə, 198.508 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Roman Qrojan Haas 52 altlığın zədələnməsi
Nikolas Latifi Williams 43 qəza
Antonio Covinatsi Alfa Romeo 13 ötürmələr qutusu

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas 307
2 77 Valtteri Bottas Mercedes AMG Petronas 197
3 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 170
4 11 Serxio Peres BWT Racing Point F1 Team 100
5 16 Şarl Lekler Scuderia Ferrari 97
6 3 Daniel Rikkardo Renault DP World F1 Team 96
7 55 Karlos Sayns McLaren F1 Team 75
8 4 Lando Norris McLaren F1 Team 74
9 23 Aleksander Elbon Aston Martin Red Bull Racing 70
10 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 63
11 18 Ləns Stroll BWT Racing Point F1 Team 59
12 31 Esteban Okon Renault DP World F1 Team 40
13 5 Sebastyan Fettel Scuderia Ferrari 33
14 26 Daniil Kvyat Scuderia AlphaTauri Honda 26
15 27 Niko Hülkenberq BWT Racing Point F1 Team 10
16 7 Kimi Rəykkönen Alfa Romeo Racing 4
17 99 Antonio Covinatsi Alfa Romeo Racing 4
18 8 Roman Qrojan Haas F1 Team 2
19 20 Kevin Maqnussen Haas F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 504
2 Aston Martin Red Bull Racing Honda 240
3 BWT Racing Point F1 Team Mercedes 154
4 McLaren F1 Team Renault 149
5 Renault DP World F1 Team Renault 136
6 Scuderia Ferrari Ferrari 130
7 Scuderia AlphaTauri Honda Honda 89
8 Alfa Romeo Racing Ferrari 8
9 Haas F1 Team Ferrari 3
, , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*