Argentinada MotoGP-yə hazırlaşırlar və Formula1-i gözləyirlər

Argentina Qran Prisi 1953-cü ildən 1998-ci ilə qədər 20 dəfə keçirilib və danışıqlar uğurla başa çatsa, 2028 və ya 2029-cu ildə təqvimə qayıda bilər.

Argentinada milli Qran Prinin geri qayıtması ilə bağlı planlar çoxdan gündəmdədir. 2017-ci ildə FİA-nın yarış direktoru Çarli Uaytinq Buenos Ayresdəki Oskar və Xuan Qalves qardaşlarının adını daşyıan trasa baxış keçirərək, burada Qran Pri keçirmək üçün görülməli işlərlə bağlı ətraflı hesabat hazırlamışdı.

İqtisadi vəziyyət pisləşəndən sonra hesabat bir kənara qoyuldu, lakin sonradan layihəyə yenidən qayıdıldı və hazırda tras FİM və FİA-nın müasir tələblərinə uyğunlaşdırılır.

Təşkilati işlərlə keçmiş rallli sürücüsü Orlando Terranova məşğul olur. O, yarışın promouteri olacaq ODS şirkətlər qrupunun direktorudur.

İlk hədəf kimi 2027-ci ilin aprelində keçirilməsi planlaşdırılan MotoGP mərhələsi seçilib. Terranovanın fikrincə, Formula1-lə bağlı danışıqlara başlamazdan əvvəl Argentina MotoGP mərhələsini yüksək səviyyədə təşkil edib keçirməyə qadir olduğunu göstərməlidir. Əgər hər şey uğurlu alınsa, o zaman Qran Prinin 2028 və ya 2029-cu il mövsümündə qayıdacağına ümid etmək olar.

Orlando Terranova: “2027-ci il üçün Liberty Media-nın qarşımıza qoyduğu tapşırıqdan başqa planımız yoxdur – MotoGP yarışını uğurla keçirmək. Mən istəyirəm ki, Liberty-də başa düşsünlər: Buenos Ayres ən yaxşı variantdır.

Bizim iki məqsədimiz var – MotoGP mərhələsi və Formula1 Qran Prisi. Prioritetimiz trasın hazır olmasıdır, sonra isə qalan hər şey. Formula1 və MotoGP, FİA və FİM ilə əməkdaşlıq çərçivəsində yaranmış bu layihə artıq 36 aydır ki, üzərində işlənir və işlərin gedişindən razıyıq.

Şərqdəki mövcud vəziyyət fonunda Qran Prinin qayıdışı üçün imkanların real xarakter aldığını görəndə dedim: “Biz hazır olmalıyıq”. Layihənin 95% tamamlanması bizə yetərli ola bilməz. Gəlin trası tam hazır vəziyyətə gətirək, çünki başqa regionlarda yarışlar ləğv oluna bilər. Fürsət yarananda Buenos Ayres yarışı qəbul etməyə hazır olmalıdır.

Biz trası hazırlayacağıq və MotoGP mərhələsini uğurla keçirmək üçün əlimizdən gələni edəcəyik, bundan sonra isə 2028 və ya 2029-cu il mövsümündə Formula1 təqviminə düşməyə çalışacağıq. Məqsədimiz budur”.